
ABŞ administrasiyası CNN telekanalının jurnalistlərinə Prezident Donald Trampın təyyarəsinə minməyi qadağan edib.
Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Məlumata görə, qadağa Trampın sentyabrın 26-da Tennessi ştatının Noksvill şəhərinə planlaşdırılan səfərinə şamil edilib. Prezidentin burada tələbə komandaları arasında Amerika futbolu matçını izləməsi nəzərdə tutulur.
Nəşr qeyd edir ki, bu qərar bir gün əvvəl fəaliyyəti bərpa olunan Ağ Evin rotasiya prinsipi ilə işləyən jurnalist hovuzunun fəaliyyətinə təhlükə yaradır.
“Teleqraf” xatırladır ki, Tramp sentyabrın 18-də CNN, MS NOW və “Politico” jurnalistlərinin Ağ Evə girişini qadağan etdiyini açıqlamışdı. O, qərarını həmin media qurumlarının administrasiyası haqqında yalan məlumatlar yayması iddiası ilə əsaslandırmışdı.
Daha sonra məhkəmə bu qərarı ləğv etsə də, jurnalistlərin Ağ Evə girişinin bərpası üçün təkrar məhkəmə müraciətinə ehtiyac yaranıb.
Hadisəyə etiraz olaraq ABC, CBS, “Fox News” və NBC telekanalları Trampın iştirakı ilə keçirilən tədbirləri canlı yayımlamaqdan imtina etmişdilər.