
NATO baş katibi Yens Stoltenberq isə bu barədə çıxışında ölkədə yaşanılanları müharibə cinayəti kimi qiymətləndirib: "NATO müttəfiqləri bununla bağlı istintaqın başladılmasını, Beynəlxalq Cinayət Məhkəməsi və BMT vasitəsilə araşdırılmasını dəstəkləyir. Bunu törədənlər məsuliyyətə cəlb olunmalıdır".
Görünür, Buça qətliamı Ukrayna və Qərb üçün "kozır"a çevrilib. Onlar bu məsələdən Moskvaya qarşı istifadə etmək niyyətindədirlər. Əlbəttə, belə də olmalıdır. Ən azından ona görə ki, dinc əhaliyə qarşı vəhşilik müharibə qanunlarına, beynəlxalq hüquq normalarına ziddir.
Yəqin ki, Buça faciəsi hələ bir müddət beynəlxalq ictimaiyyətin diqqətində olacaq. Ümumiyyətlə, Qərb istədiyinə nail olanadək bu məsələnin unudulmamasına çalışacaq. İki əsas ssenari var. Bunlardan birincisi, tərəflər arasındakı potensial sülh danışıqlarında Buça cinayətlərinin nəzərə alınması və müzakirələrin Qərbin, həmçinin Ukraynanın maraqlarına uyğun formada başa çatmasıdır. Başqa sözlə desək, sözügedən təzyiq aləti vasitəsilə Moskva ciddi güzəştlərə məcbur edilə bilər. Ola bilsin, Kreml bununla razılaşmasın. Bu isə o deməkdir ki, Rusiya uzaqperspektivli təzyiqləri nəzərə almalıdır. Əgər Moskva hələ də inadkarlıq etsə, gələcəkdə Buça faciəsi hər an yenidən gündəmə gələ bilər. Və bu zaman maddi təzminatdan ərazi iddialarına qədər müxtəlif tələblər irəli sürülə bilər. Hər halda tarixdə oxşar nümunələr heç də az deyil.
Bir sözlə, Rusiya hakimiyyəti hara getsə, Buça qətliamı daban-dabana onu izləyəcək. Bu hadisəni unutdurmağın yeganə yolu isə indidən daha loyal xarici siyasət xətti tutmağa başlamaqdır.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti