
“ABŞ liderinin səfəri təhlükəsizlik şəraitindən asılıdır. Bu, əlbəttə, onun qərarıdır. Amma hesab edirəm ki, o, Rusiyanın törətdiyi vəhşilikləri öz gözləri ilə görmək üçün Ukraynaya gələcək”, - V.Zelenski söyləyib.
O, həmçinin fransalı həmkarı Emmanuel Makronu Kiyevə dəvət edib: “Mən Rusiyanın törətdiyi vəhşilikləri şəxsən görmək üçün onu Ukraynaya dəvət edirəm. Bu səfər Fransa Prezidentinin Ukrayna xalqının soyqırımı ilə bağlı mövqeyini dəyişəcək”.
V.Zelenskinin fikrincə, E.Makron Rusiya ilə dialoq üçün bəzi addımlar atmaq istəyir.
Qeyd edək ki, aprelin 14-də C.Bayden Kiyevə gəlməyə hazır olduğunu bildirmişdi. Lakin sonradan Ağ Ev ABŞ liderinin Ukraynaya səfərinin hələ planlaşdırılmadığını açıqladı.

Davam edən müharibə fonunda əksər Qərb dövlətlərinin Rusiyaya qarşı koalisiya yaratdıqları artıq danılmaz fakta çevrilib. İndi Kremli çökdürməkdən ötrü Qərb dünyası üçün münbit şərait yaranıb. Qərb liderləri artıq tərəf tutduqlarını deməkdən də çəkinmirlər. Əksinə, bir çox hallarda Rusiyaya açıq-aydın hədə-qorxu gəlirlər. Prezidentlər və digər rəsmi şəxslər bildirirlər ki, bu müharibə Moskvanın məğlubiyyəti ilə başa çatmalıdır. Bu mənada rəsmi Kiyevə müxtəlif istiqamətlərdə dəstəklər davam edir. Bir müddət əvvəl Böyük Britaniyanın Baş naziri Boris Consonun Ukraynaya səfəri də belə dəstəyin təzahürü idi. Zelenski ilə Consonun Kiyev küçələrində gəzməsi dünya mediasında ciddi müzakirə olundu, manşetlərə çıxarıldı. Beləliklə, Britaniya Ukraynanın yanında olduğunu bir daha bütün dünyaya, o cümlədən Rusiyaya nümayiş etdirdi. Bu, Moskvaya meydan oxumaq idi.

Baydenin Ukraynaya ehtimal edilən səfərindən sonra Rusiyanın qarşısına çox ciddi şərtlər qoyula bilər. Beləliklə, nəinki rus qoşunlarının Ukraynadan çıxarılması, hətta Rusiyanın dünyadakı və regiondakı hegemonluğunu zəiflədə biləcək digər tələblərin də gündəmə gəlməsi istisna deyil.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti