
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu həftə ərzində XİN xəttilə Bakıda təmaslar da nəzərdə tutulur.
M.Zaxarova qeyd edib ki, Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına əsas kimi yüksək səviyyədəki üçtərəfli razılaşmaları görən Rusiya Bakı və İrəvanla bütün istiqamətlərdə, o cümlədən iqtisadi əlaqələrin və nəqliyyat bağlantılarının açılması, dövlət sərhədinin delimitasiyasına başlanması, sülh sazişinin razılaşdırılması məsələlərində yaxından çalışmağa davam edir.
Rusiya Azərbaycan və Ermənistanın bir-birinə doğru qarşılıqlı addımlar atmağa hazır olduqlarını qeyd edir. Bununla bağlı yüksək səviyyədə üçtərəfli təmaslarla bağlı işlər görüldüyü də diqqətə çatdırılıb.

Rusiyanın müxtəlif rəsmiləri, o cümlədən Zaxarova özü də indiyədək dəfələrlə oxşar bəyanatlar veriblər. Qəribəsi isə odur ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində nəticələr çox vaxt Türkiyənin, bəzi hallarda Qərbin vasitəçiliyi nəticəsində mümkün olur. Rusiya isə əksinə, adətən prosesləri tormozlatmağa çalışır. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ilk telefon danışığı Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışdığı vaxtda baş tutdu. Ardınca isə diplomatlar ikinci dəfə danışdılar (əlbəttə, bu məsələdə rəsmi İrəvanın yeni reallıqları anlaması da mühüm rol oynayır).

Rusiya rəsmiləri, o cümlədən Zaxarova zaman- zaman belə açıqlamalar verməklə məsuliyyəti öz boyunlarından atmaq, belə demək mümkünsə, şübhələri yayındırmaq istəyirlər. İkincisi, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində yaxın günlərdə ciddi addımların atılması ehtimalı hər ötən gün artır. Bunu Rusiyada da bilirlər. Ona görə gələcəkdə əldə olunacaq nəticələri özlərinin töhfələri kimi təqdim etmək istəmələri də istisna deyil.
Üçüncüsü, Moskva bu yolla proseslərdəki moderatorluq statusunu bərpa etmək istəyir. Və nəhayət, Ermənistanın "özbaşınalığına" görə Paşinyanı pis vəziyyətdə qoyması da mümkündür. Axı İrəvanın regiona dair siyasəti ilə bağlı direktivlər Moskvadan gəlirsə, bunun arxasında da durmalı idi. Ən azından Ermənistan üçün bu, daha arzuolunan idi.
Yəni Kreml ikili oyun oynayır. Bu mənada Rusiya ilə Ermənistan əlaqələrində "çat"ların daha da dərinləşməsi gözləniləndir. Bunun birinci səbəbi Ukrayna ilə müharibə fonunda Rusiyanın tədricən zəifləyəcəyi ehtimalı və dünya siyasətindən təcrid olunmasıdırsa, ikincisi, əməli ilə sözünün üst- üstə düşməməsidir.

Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti