
“Biz bunun üçün imkanlarımızı nəzərdən keçiririk. Həmçinin tanınmamış Dnestryanı bölgədə gərginliyin qarşısını almalıyıq. Bu çox vacibdir”, - o söyləyib.
Şarl Mişel Moldovaya hərbi yardım çərçivəsində Aİ-nin artıq logistika və kibertəhlükəsizlik imkanlarının təmin edilməsi ilə bağlı qərarlar qəbul etdiyini vurğulayıb.
Bir müddət əvvəl Dnestryanıda baş verən partlayışların “közü hələ də sönməyib”. Həmin vaxt Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak demişdi ki, Ukrayna uduzsa, Rusiya qoşunları Kişineunun qapılarında olacaq.
Sonra Böyük Britaniya müdafiə naziri Ben Uolles Rusiyanın müharibəni Ukraynadan kənara çıxara biləcəyi barədə xəbərdarlıq etmişdi. Ardınca isə məşhur “The Times” qəzeti yazmışdı ki, Rusiya Moldovaya hücum etmək qərarına gəlib.

İkinci bir tərəfdən, Ukraynadakı müharibə Rusiya üçün gözlənilən nəticəni vermədi. Durum tədricən Moskvanın əleyhinə dəyişir. Ola bilsin, Rusiya Ukraynadan çıxmaq üçün Moldovaya müdaxilə etmək barədə düşünə bilər.
Rusiyanın Moldovaya müdaxiləsi, bəlkə də, Qərbin maraqlarına cavab verir. Çünki bu zaman Qərbin Kremlə təzyiqləri daha da artacaq. Hətta istisna deyil ki, Qərb bu müdaxilə üçün Moskvanı təhrik edəcək.
Bütün hallarda Rusiyanın Moldovaya müdaxiləsinin onun üçün müsbət nəticə verəcəyi ağlabatan deyil. Əgər bu baş versə, regionda yeni cəbhə, Kreml üçün isə yeni “bataqlıq” yaranacaq.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti