
İranla savaş ABŞ prezidenti Tramp üçün güc nümayişinə çevrilməli idi. Bu əməliyyat elə düşünülmüşdü ki, Amerika dünyaya öz qüdrətinin köhnə formulunu yenidən göstərsin: dəqiq kəşfiyyat, ildırım sürətli zərbə, düşmənin dağıdılmış obyektləri, ardınca isə Amerikanın şərtləri ilə razılaşma. Ağ Ev uzunmüddətli müharibə olmadan qələbə mənzərəsi, işğalsız kapitulyasiya effekti, strateji bədəl ödəmədən strateji nəticə əldə etmək istəyirdi.
Amma proses başqa cür alındı. Vaşinqton həqiqətən də İrana ağır zərbələr endirdi. İran sisteminin hərbi, nüvə, raket və infrastruktur elementləri hədəfə alındı. Müharibə göstərdi ki, ABŞ hələ də nəhəng hərbi potensiala malikdir. Amma eyni zamanda başqa bir həqiqəti də üzə çıxardı: bir neçə saat ərzində möhkəmləndirilmiş obyektləri dağıtmağa qadir olan supergüc belə klassik mənada qalib gəlməyi yox, sağ qalmağı, şantaj etməyi, prosesi uzatmağı və coğrafiyanı silaha çevirməyi bacaran dövlət qarşısında zəif nöqtələrə malik ola bilər.
İran müharibəni udmadı. Amma sındırılmadı. Əsas siyasi nəticə də məhz budur.
Hörmüz boğazı ətrafında yaranan böhran, ardınca gələn razılaşma, pul məsələləri ətrafındakı mübahisələr, minalardan təmizlənmə sualı, Tehranın gəmi marşrutlarına nəzarət hüququnu saxlamaq cəhdləri və amerikalı emissarlarla birbaşa görüşdən imtina etməsi göstərdi: İran zərbələrdən sonra darmadağın edilmiş rəqib kimi davranmır. O, ilk zərbə dalğasından çıxmış, rejimin nüvəsini qorumuş və indi xaos yaratmaq qabiliyyətini siyasi dividendlərə çevirməyə çalışan oyunçu kimi hərəkət edir.
Bu mənada Trampın savaşı təkcə Yaxın Şərq böhranı olmadı. Bu, Amerikanın iradəsi üçün qlobal sınağa çevrildi. Pekin, Moskva və Pxenyan bu sınağı diqqətlə izləyirdi. Onlar təkcə Amerika raketlərinin gücünü görmədilər. Onlar Amerikanın dözüm sərhədini də gördülər.
Amerika ağır zərbə endirdi. Amma əsas sual başqadır: nəyə görə?
2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı silsilə zərbələrə başladı. Rəsmi bəyan edilən məqsəd son dərəcə iddialı idi: rejimə təzyiq, nüvə və raket proqramının elementlərinin dağıdılması, hərbi potensialın sarsıdılması və daha geniş siyasi mənada rejim dəyişikliyi üçün zəmin yaradılması. Britaniya İcmalar Palatası öz icmalında əməliyyatın məhz fevralın 28-də başladığını, şərti atəşkəsin isə aprelin 8-də elan edildiyini qeydə aldı.
Əməliyyatın məntiqi aydın idi. İran rejimi çoxdan nüvə proqramını strateji şantaj alətinə çevirmişdi. Raket qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusu, Livandan İraqa və Yəmənə qədər uzanan proksi şəbəkələr, Körfəz ölkələrinə təzyiq, dəniz nəqliyyatına hədələr - bütün bunlar elə bir sistem formalaşdırmışdı ki, Tehran özünə yönələn istənilən təzyiqin qiymətini artırmağı öyrənmişdi.
Tramp hakimiyyətə nə kiçik Corc Buşun İraq ssenarisini, nə də Barak Obamanın ehtiyatlı diplomatiyasını təkrarlamaq istəməyən siyasətçi reputasiyası ilə gəlmişdi. Ona üçüncü yol lazım idi: sərt zərbə, effektli məcburetmə, sonra isə razılaşma. Bu model ayrı-ayrı epizodlarda artıq işləmişdi. Qasım Süleymaninin öldürülməsi məhz belə addım idi: qısa zərbə, yüksək siyasi effekt, böyük müharibənin olmaması. Amma 2026-cı ilin İranı xəritədə bir nöqtə deyil, bütöv bir sistem idi. Sistem bir gecəlik aviazərbə ilə aradan qaldırıla bilməz, hətta həmin zərbə taktiki baxımdan uğurlu olsa belə.
ABŞ prezidenti Tramp mütləq qələbə formulunu sevir. Amerika siyasi mədəniyyətində bu formul yaxşı satılır. Amma televiziyada səslənən “darmadağın” sözü ilə rəqibin real vəziyyəti arasında böyük məsafə var. İran obyektlərinə endirilən zərbələrdən sonra Amerika ekspert mühitində nüvə infrastrukturuna nə dərəcədə ciddi ziyan dəydiyi barədə mübahisə yarandı. PBS qeyd edirdi ki, Trampın Fordo, Natanz və İsfahan obyektlərinin “məhv edilməsi” barədə bəyanatları daha ehtiyatlı qiymətləndirmələrlə ziddiyyət təşkil edirdi. Həmin qiymətləndirmələrdə proqramın tam yox edilməsindən yox, ciddi şəkildə zəiflədilməsindən danışılırdı.
Bu fərq üslub məsələsi deyil. Bu, strateji fərqdir. “Məhv etmək” məsələni bağlamaq deməkdir. “Zəiflətmək” isə vaxt udmaq deməkdir. ABŞ, görünür, vaxt uddu. Amma problemi həll etmədi.
Tehran əsas məsələni anladı: sağ qalmaq qələbədən vacibdir
İran rejiminin ABŞ-la birbaşa hərbi toqquşmada qalib gəlmək kimi öhdəliyi yoxdur. O, strategiyasını simmetriya üzərində qurmur. Onun vəzifəsi başqadır: zərbəni adlatmaq, hakimiyyət vertikalını saxlamaq, daxili auditoriyaya sistemin çökmədiyini, xarici auditoriyaya isə İrana təzyiqin çox baha başa gəldiyini göstərmək.
Bu, İranın köhnə siyasi sağqalma məktəbidir. İran-İraq müharibəsindən sonra Tehran bir dərs çıxardı: havada və dənizdə zəif olan oyunçu bunu dərinlik, raketlər, proksi şəbəkələr, ideoloji səfərbərlik və dünya iqtisadiyyatının dar keçidlərinə nəzarətlə kompensasiya edə bilər. İran nadir hallarda yalnız bir fiqurla oynayır. O, eyni anda bir neçə taxtada gediş edir.
Birinci taxtada nüvə proqramı dayanır. Hətta zədələnmiş vəziyyətdə belə o, sövdələşmə predmeti olaraq qalır. Reuters yazırdı ki, MAQATE əvvəlki zərbələrdən sonra üç əsas obyektdə - Natanz, Fordo və İsfahanda yoxlama apara bilməmişdi, halbuki digər bəyan edilmiş obyektlər yoxlanılırdı. Bu isə o deməkdir ki, əsas sual, yəni proqramın nüvəsinin real vəziyyəti siyasi və texniki baxımdan hələ də tam aydın deyil.
İkinci taxtada Hörmüz var. İran istədiyi effekti əldə etmək üçün boğazı tam bağlamağa məcbur deyil. Risk yaratmaq kifayətdir. Sığorta şirkətlərini tarifləri qaldırmağa, gəmi sahiblərini marşrutları dəyişməyə, treyderləri qiymətlərə hərbi risk əlavəsi daxil etməyə, hökumətləri isə seçkilər ərəfəsində benzinin qiymətini hesablamağa vadar etmək kifayətdir.
Üçüncü taxtada daxili səfərbərlik dayanır. ABŞ-ın istənilən zərbəsi rejimə cəmiyyətə belə demək imkanı verir: ölkə mühasirədədir, hakimiyyəti tənqid etmək düşmənə yardım etməkdir, repressiyalar isə müdafiə tədbiridir. Təbliğat aparatı kifayət qədər sərt işləyirsə, hətta məğlubiyyəti də şəhadət kimi təqdim etmək mümkündür.
Dördüncü taxtada Qərbin parçalanması var. Böhran nə qədər uzanırsa, ABŞ, Avropa, İsrail, Körfəz ölkələri və Asiya enerji idxalçılarının maraqları bir o qədər ayrılır. Vaşinqton üçün bu, güc məsələsidir. Avropa üçün qiymətlər və resessiya məsələsi. Çin və Hindistan üçün təchizat məsələsi. Körfəz monarxiyaları üçün isə Amerika təyyarələri geri döndükdən sonra İranla yanaşı yaşamaq məsələsi.
Məhz buna görə Tehran atəşkəsdən demək olar ki, dərhal sonra razılaşmaların ruhunu pozmağa imkan tapa bildi. O, sənədin mətnini deyil, Vaşinqtonun sinirini yoxlayırdı.
Hər kəsin öz bildiyi kimi oxuduğu razılaşma
Müharibədən sonrakı mərhələnin ən təhlükəli elementi atəşin özü deyil, razılaşma ətrafındakı duman oldu. Sabitliyə yol açmalı olan saziş dərhal interpretasiya savaşının meydanına çevrildi.
Qərb mediasının məlumatlarına görə, 17 iyun memorandumunda nüvə proqramı və regional təhlükəsizlik üzrə danışıqlar üçün 60 günlük pəncərə nəzərdə tutulurdu. Bu proses Hörmüzdən normal hərəkətin bərpası istiqamətində addımlarla müşayiət olunmalı idi. Amma artıq iyunun 30-da Reuters yazırdı ki, İran Dohada amerikalı emissarlar Cared Kuşner və Stiv Uitkoffla birbaşa görüşdən imtina edib, atəşkəs şərtlərinin tənzimlənməsində israr edir və Hörmüzdən gəmilərin keçidinin Omanla birgə idarə olunmasına dair iddialarını saxlayır.
Yəni Vaşinqton razılaşmanı nəzarətə aparan yol kimi təqdim edirdi. Tehran isə onu təzyiq imkanlarını qoruduğu fasilə kimi görürdü. Körfəz ölkələri bunda ABŞ-ın münaqişənin qiymətini onların hesabına azaltmaq cəhdini görürdü. İsrail isə risk görürdü: İran nəfəs dərmək, pul və vaxt qazanmaq imkanı əldə edə bilərdi.
Maliyyə paketi məsələsi xüsusilə zəhərli oldu. Amerika siyasi polemikasında bu, qısa zamanda “İrana ödəniş” kimi qəbul edilməyə başladı. Reuters mənbəyə istinadən yazırdı ki, söhbət dövlət reparasiyası və ya qrant proqramından yox, həcmi 300 milyard dollara qədər çata biləcək özəl investisiya mexanizmindən gedirdi. Amma siyasətdə yalnız hüquqi forma önəm daşımır. Siqnal da önəmlidir.
Siqnal isə dağıdıcı idi: illərlə təzyiq strategiyası quran, dəniz nəqliyyatını hədələyən, raket proqramını inkişaf etdirən və region boyunca silahlı şəbəkələri dəstəkləyən dövlət müharibədən sonra böyük investisiya paketi perspektivi qazanır. Bu, hüquqi mənada “reparasiya” olmasa belə, ABŞ müttəfiqlərinin gözündə dünya iqtisadiyyatını boğazından tutmaq bacarığına görə verilən mükafat kimi görünür.
İran bunu məhz belə təqdim etməyə çalışır: güzəşt kimi yox, onun qiymətinin tanınması kimi. Rejim üçün bu, puldan daha vacibdir. Bu, zərbələrdən sonra statusun simvolik bərpasıdır.
Hörmüz: Amerika strategiyasının ilişib qaldığı dar boğaz
Hörmüz boğazı sadəcə İranla Oman arasında yerləşən coğrafi nöqtə deyil. Bu, dünya iqtisadiyyatının fiziki baxımdan ən həssas hala gəldiyi yerdir. ABŞ Enerji İnformasiyası Administrasiyasının məlumatına görə, 2025-ci ilin birinci yarısında Hörmüzdən sutkada orta hesabla 20,9 milyon barel neft və maye karbohidrogen keçirdi. Bu, dünya neft mayeləri istehlakının təxminən 20 faizi, dəniz yolu ilə neft ticarətinin isə dörddə biri deməkdir.
Bu, abstrakt statistika deyil. Bu, yanacağın qiyməti, inflyasiya, aviabiletlər, gübrələr, daşınma xərcləri, ərzaq və hökumətlərin siyasi dayanıqlığı deməkdir. Müasir dünyada boğazlar aviabazalar və raket şaxtaları qədər vacib hala gəlib. Kim boğazı təhdid edə bilirsə, bazarlara tamhüquqlu ordusu olan bir çox ölkədən daha güclü təsir göstərir.
İran bunu çoxlarından yaxşı anlayır. Onun aviadaşıyıcılara ehtiyacı yoxdur. Minalar, pilotsuz uçuş aparatları, raketlər, sürətli katerlər, sahil kompleksləri, keçid qaydaları ətrafında qeyri-müəyyənlik və daimi risk mühiti yetərlidir. Reuters hələ apreldə yazırdı ki, İranın sürətli katerləri raket, dron və mina təhlükəsini tamamlayır, kommersiya gəmiləri isə belə hücumların qarşısını almaq üçün nəzərdə tutulmayıb.
Qərbin əsl zəifliyi də məhz burada üzə çıxdı. Yüksək texnologiyalı ordular hədəfləri məhv etməyi bacarır. Amma qlobal iqtisadiyyat ucuz vasitələrlə iflic edilə bilən dar dəhlizlərdən asılıdır. Bir dron, bir mina, bir zədələnmiş tanker, bir marşrut mübahisəsi - və sığorta tarifləri diplomatik bəyanatlardan daha gur səslənməyə başlayır.
İran Hörmüzün minalardan təmizlənməsində başqa ölkələrin iştirakına imkan verməyəcəyini və bu işlərin qaydasını yalnız Tehranın müəyyən etmək hüququna malik olduğunu bəyan edəndə, bu, texniki etiraz deyildi. Bu, dünya energetikasının sinir mərkəzi üzərində siyasi nəzarət iddiası idi.
Çin, Rusiya və Şimali Koreya raketlərə yox, dözümə baxırdı
ABŞ üçün əsas zərbə Fars körfəzində yox, ondan çox-çox uzaqda özünü göstərə bilər.
Pekin yalnız Amerikanın gücünü öyrənmir. O, Amerikanın bədəl ödəməyə hazırlığını da ölçür. Tayvan məsələsində həlledici faktor məhz bu olacaq. Çin strategiyası zaman, konsentrasiya, psixoloji təzyiq və Qərb demokratiyalarının böhranlardan avtoritar sistemlərdən daha tez yorulması inamı üzərində qurulub. Əgər Vaşinqton zərbə endirməyə hazır olduğunu, amma münaqişədən mümkün qədər tez razılaşma yolu ilə çıxmaq istədiyini göstərirsə, Pekin nəticə çıxarır: məsələ Amerikanın atəş açmağa qadir olub-olmamasında deyil. Məsələ onun xətti sona qədər saxlayıb-saxlaya bilməsindədir.
Tayvan boğazı başqa bir Hörmüzdür, amma daha mürəkkəbdir. CSIS-in hesablamasına görə, 2022-ci ildə Tayvan boğazından təxminən 2,45 trilyon dollarlıq mal keçib. Bu, dünya dəniz ticarətinin beşdə birindən çoxdur. Burada söhbət təkcə neftdən getmir. Konteynerlər, elektronika, komponentlər, yarımkeçiricilər, Yaponiya, Cənubi Koreya, Çin, ABŞ və Avropa üçün tədarüklər də bu mənzərənin içindədir.
Əgər İran Vaşinqtonu Hörmüz ətrafında bazarlığa məcbur edə bildisə, Çin özünə sadə sual verə bilər: bənzər təzyiq Tayvan ətrafında yaradılsa, nə baş verər? Mütləq işğal lazım deyil. Karantin, qismən blokada, yoxlamalar, raket təlimləri, gəmilərə hədələr, limanlara kiberhücumlar və sığorta şoku kifayətdir. Müasir dünyada blokada hadisə yox, proses ola bilər. Müharibə elanı yox, ardıcıl “təhlükəsizlik tədbirləri” silsiləsi.
Moskva da öz nəticələrini çıxaracaq. Rusiya çoxdan Qərbin yorulması üzərində hesab qurur. Ukraynada o, mütləq ildırımsürətli qələbəyə can atmır. O, daha uzun dözə, daha çox dağıda və rəqib paytaxtlarda siyasi dəyişiklikləri gözləyə biləcəyini sübut etməyə çalışır. Əgər Amerika hətta zərbə anını özü seçəndə belə uzun münaqişələri sevmirsə, Kreml üçün bu, təsdiqdir: zaman hələ də silahdır.
Şimali Koreya isə üçüncü nəticəni görəcək. Nüvə və raket şantajı ən yaxşı o zaman işləyir ki, rəqib ilk zərbədən yox, onun doğura biləcəyi qeyri-müəyyən nəticələr zəncirindən qorxur. Pxenyan çoxdan “təhlükəli zəif” məntiqi ilə yaşayır: məcburetmənin qiyməti nə qədər yüksəkdirsə, rejimin sağ qalmaq üçün manevr sahəsi də bir o qədər geniş olur.
ABŞ müttəfiqləri xoşagəlməz dərs aldı
ABŞ müttəfiqləri üçün bu savaş narahatlıq mənbəyinə çevrildi. İsrail gördü ki, Amerika gücü zəruridir, amma Amerikanın siyasi iradəsi hər zaman İsrailin strateji məntiqi ilə üst-üstə düşmür. İsrail üçün İran ekzistensial rəqibdir. Tramp üçün İran təhlükəli, amma bazarlıq edilə bilən rəqibdir. Bunlar fərqli baxış bucaqlarıdır.
Körfəz ölkələri isə daha mürəkkəb mənzərə gördü. Onlar Amerikanın müdafiəsini istəyirlər, amma başqasının savaşının ön xəttinə çevrilmək istəmirlər. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn və Oman İranla yanaşı yaşayır. Onlar üçün müharibə Vaşinqtondakı mətbuat konfransı ilə bitmir. Əgər Ağ Ev zərbə endirib, sonra razılaşıb, daha sonra nəticələrlə baş-başa qalmağı regional oyunçuların üzərinə buraxırsa, Körfəz monarxiyalarında məntiqli qorxu yaranır: Amerika strategiyası epizodik ola bilər, İranın qisası isə uzunmüddətli.
Avropa da öz növbəsində dəniz dəhlizlərindən asılılığının hələ də nəhəng olduğunu gördü. Chatham House 2026-cı ilin iyununda açıq şəkildə xəbərdarlıq edirdi ki, Tayvan, Panama, Süveyş və digər dar keçidlərə yönələn təhdidlər Hörmüz böhranından az olmayan, bəzi ssenarilərdə isə daha təhlükəli iqtisadi sarsıntılar yarada bilər.
Bu o deməkdir ki, problem artıq təkcə İranda deyil. Problem dünya ticarətinin arxitekturasındadır. Qərb onilliklər boyu qloballaşmanı dayanıqlılıq yox, effektivlik sistemi kimi qurdu. Minimal ehtiyatlar, uzun zəncirlər, ucuz sığorta, proqnozlaşdırılan boğazlar, etibarlı marşrutlar. İndi məlum oldu ki, effektivlik zəifliyə çevrilib.
Tramp razılaşma istəyirdi. İran tanınmaq istəyirdi
Trampın siyasətində güclü tərəf var: o, inersiyanı qırmağı bacarır. Sələflərinin etməyə cəsarət etmədiyi addımları ata bilir. Güc jestindən çəkinmir. Gözlənilməzliyin effektini və ictimai təzyiq psixologiyasını anlayır.
Amma bu modelin zəif tərəfi var: sürətli razılaşmaya ehtiyacı olmayan rəqibə qarşı pis işləyir. İran sistemi uzunmüddətli qarşıdurma üzərində qurulub. O, sanksiyalar altında yaşamağı, cəmiyyəti susdurmağı, vasitəçilər üzərindən bazarlıq etməyi, real itkiləri gizlətməyi və danışıqları müharibənin davamına çevirməyi bacarır.
Tramp razılaşmanı qələbənin təsdiqi kimi almaq istəyirdi. İran isə danışıqları onu güclə məhv etməyin mümkünsüzlüyünün təsdiqi kimi görmək istəyirdi. Hər iki tərəf istədiyinin bir hissəsini aldı. Amma strateji baxımdan daha çox qazanan zərbələrdən sonra masada qalmağı və qiymət üstündə mübahisə etməyi bacaran tərəf oldu.
Məhz buna görə müharibədən sonrakı mərhələ müharibənin özündən daha təhlükəlidir. Zərbələr zamanı rollar aydın idi. Razılaşmadan sonra isə məna uğrunda savaş başladı. Vaşinqton deyir: biz İranı boğazı açmağa məcbur etdik. Tehran deyir: biz şərtləri müzakirə etmək hüququnu saxladıq. Vaşinqton deyir: nüvə proqramı geri atıldı. Tehran deyir: müfəttişlər bütün əsas elementlərə nəzarət etmir. Vaşinqton deyir: bunlar investisiyalardır. Tehran isə öz cəmiyyətinə deyir: düşmən dəymiş zərərin əvəzini ödəyəcək.
Belə müharibədə məna bəzən dağıdılmış binalardan daha vacib olur.
Müharibənin qiyməti: təkcə pul yox, etimad da var
İranla savaşın maddi qiyməti oldu. İnsan itkiləri, dağıdılmış infrastruktur, zədələnmiş gəmilər, qiymət artımı, hərbi xərclər, logistika pozuntuları. Time Human Rights Activists News Agency-yə istinadən yazırdı ki, fevralın 28-də başlayan müharibədən bəri minlərlə iranlı öldürülüb. Ayrı-ayrı hesablamalar apreldə ölənlərin sayının 3 636 nəfərə çatdığını göstərirdi. Al Jazeera isə CSIS-in qiymətləndirmələrinə istinadla məhv edilmiş Amerika hərbi texnikasının dəyərinin 2,3-2,8 milyard dollar arasında ola biləcəyini bildirirdi.
Amma əsas qiymət Amerikanın sözünə olan etimaddır. Supergüc təkcə aviadaşıyıcılar üzərində dayanmır. O, müttəfiqlərin və rəqiblərin onun vədlərinin çəkisi olduğuna inanması üzərində dayanır. ABŞ deyirsə ki, nüvə silahlı İrana imkan verməyəcək, bu konkret nə deməkdir? Zərbə? Rejim dəyişikliyi? Yoxlamalar? Razılaşma? Müvəqqəti fasilə? Sanksiyalar? Yeni investisiya paketi?
Formula daim dəyişirsə, müttəfiqlər sığortalanmağa başlayır. İsrail daha müstəqil hərəkət edir. Körfəz Tehran və Pekinlə kanallar axtarır. Avropa muxtariyyətdən danışır, amma kifayət qədər gücü yoxdur. Asiya Tayvan ətrafındakı riskləri hesablayır. ABŞ-ın rəqibləri isə bu qənaətə gəlir: Amerikanın gücü nəhəngdir, amma onun siyasi tətbiqi daxili siyasi dövrdən, reytinqlərdən, benzinin qiymətindən və prezidentin qələbə elan etmək istəyindən asılıdır.
Bu, Amerika liderliyinin sonu demək deyil. Amma onun aşınması deməkdir.
Müharibədən sonra üç ssenari: fasilə, pozulma və ya böyük yenidənqurma
Birinci ssenari idarə olunan fasilədir. ABŞ, İran, vasitəçilər və Körfəz ölkələri minimal deeskalasiya rejimini qoruyub saxlayır. Hörmüz işləyir, hərçənd siyasi təzyiq altında. Danışıqlar ləng gedir. İran məhdud iqtisadi nəfəs imkanı əldə edir, Vaşinqton isə böyük müharibənin qarşısını aldığını elan edir. Bu, bazarlar üçün ən rahat, İran probleminin qəti həllini istəyənlər üçün isə ən narahatedici ssenaridir. O, məsələni həll etmir. Onu konservləşdirir.
İkinci ssenari pozulmadır. Danışıqlar iflasa uğrayır, İran yenidən boğaza təzyiq göstərir, ABŞ zərbələrlə cavab verir, İsrail daha sərt davranır, Livan, İraq, Suriya və Yəməndə proksi şəbəkələr fəallaşır. Bu halda savaş geri qayıdır, amma daha təhlükəli formada: rəqiblər artıq bir-birinin zəif yerlərini öyrənib, bazarlar isə daha əsəbi vəziyyətdədir.
Üçüncü ssenari regional arxitekturanın böyük yenidən qurulmasıdır. ABŞ NATO, Körfəz ölkələri, İsrail və mümkün halda ayrı-ayrı Asiya tərəfdaşlarının iştirakı ilə dəniz dəhlizlərinin kollektiv müdafiə sistemini yaratmağa çalışır. Bunun üçün təkcə gəmilər yox, ortaq siyasi iradə, qabaqlayıcı planlaşdırma, ehtiyatlar, alternativ marşrutlar, minatəmizləmə imkanları, sığorta mexanizmləri, enerji diversifikasiyası və asimmetrik təhdidlərə əvvəlcədən cavab vermək hazırlığı lazımdır.
Problem ondadır ki, üçüncü ssenari ən rasional və eyni zamanda ən çətin yoldur. O, Qərb demokratiyalarında çox vaxt çatışmayan intizam tələb edir: böhrana televiziyada dramaya çevrilməzdən əvvəl hazırlaşmaq intizamı.
Əsas dərs: supergücü zirehli olduğu yerdən yox, zəif yerindən yaralamaq olar
İranla savaş müasir gücün paradoksunu göstərdi. ABŞ obyektləri məhv edə, raketləri tuta, kosmik kəşfiyyatı idarə edə, kiberəməliyyatlar apara və regionda nəhəng hərbi infrastruktur saxlaya bilər. Amma bütün bunlar sadə faktı dəyişmir: dünya iqtisadiyyatı dar dəniz dəhlizlərindən keçir, demokratiyaların siyasi iradəsi isə daxili siyasətin daha da dar dəhlizlərindən.
İran məhz ora zərbə vurdu. Mütləq fiziki zərbə deyil. Boğazın bazarlıq predmetinə çevrilə biləcəyini, neftin bahalaşa biləcəyini, sığortanın gəmiləri dayandıra biləcəyini, müttəfiqlərin kimin ödəyəcəyi, kimin minalardan təmizləyəcəyi, kimin komandanlıq edəcəyi və kimin məsuliyyət daşıyacağı barədə mübahisəyə başlaya biləcəyini göstərmək yetərli idi.
Tramp Amerikanın yenidən qorxu doğurduğunu sübut etmək istəyirdi. O, bunu qismən sübut etdi. Amma eyni zamanda göstərdi ki, Amerika zərbəsindən qorxmaq artıq Amerika strategiyasına əmin olmaq demək deyil. Bunlar fərqli şeylərdir.
Dözümsüz güc parıltıya çevrilir. Aydın məqsədi olmayan razılaşma böhranlar arasındakı fasiləyə dönür. Siyasi finalı olmayan zərbə rəqibə sağ qalmağı qələbə kimi təqdim etmək şansı verir.
İran bu gün qalib kimi görünmür. Onun infrastrukturu zədələnib, iqtisadiyyatı tükənib, cəmiyyəti basqı altındadır, rejim təzyiq altında bazarlıq etməyə məcburdur. Amma o, mühüm bir nəticə əldə edib: ABŞ-ı təkcə onun məhdudlaşdırılması şərtlərini yox, həm də müvəqqəti normallığa razılığının qiymətini müzakirə etməyə məcbur edib.
Vaşinqton üçün bu, narahatedici nəticədir. Pekin, Moskva və Pxenyan üçün öyrəniləcək materialdır. ABŞ müttəfiqləri üçün riskləri yenidən hesablamaq səbəbidir. Bütün dünya üçün isə xəbərdarlıqdır: növbəti böyük müharibə orduların dayandığı yerdə yox, dar bir boğazın qlobal düzəni qlobal şantajdan ayırdığı nöqtədə başlaya bilər.
Trampın İran savaşı real qələbə ilə bitmədi. O, Amerikanın hələ inandırıcı cavab vermədiyi bir sualla bitdi: Vaşinqton dünya düzənini təkcə ilk zərbə ilə yox, uzun, soyuq və yorucu iradə ilə də qorumağa hazırdırmı?
İndi Amerikanın bütün rəqibləri məhz bunu yoxlayacaqlar.(BakuNetwork)