Ukraynaya məxsus "Antonov An-12BK" yük təyyarəsi Yunanıstanın şimalındakı Kavala şəhəri yaxınlığında qəzaya uğrayıb.
Senzor.az bildirir ki, hadisə ilə bağlı ilkin məlumatda iddia olunurdu ki, guya təyyarə Ukraynaya Serbiya silahları aparırmış.
Amma Serbiya Baş nazirinin müavini, müdafiə naziri Neboyşa Stefanoviç deyib ki, Yunanıstanda qəzaya uğrayan Ukraynaya məxsus həmin təyyarə Banqladeşə 11,5 ton Serbiya silahı aparırmış, silahların Ukraynaya daşınması ilə bağlı məlumatlar qərəz və yalandır.
Onun sözlərinə görə, təyyarədə Serbiya istehsalı olan işıqlandırma və təlim minalarını olub: “Dünən bizim Niş aerodromumuzdan havaya qalxan “An-12” təyyarəsinin Yunanıstanda qəzaya uğraması ilə bağlı müraciət edirəm. Söhbət Ukraynanın "Meridian" şirkətinə məxsus, MEM3032 quyruq nömrəli “Antonov-12” təyyarəsindən gedir. Təəssüf ki, qəza zamanı bütün səkkiz ekipaj üzvü həlak olub. Təyyarə yerli vaxtla saat 20:40-da (Bakı vaxtı ilə 22:40) Serbiyanın Niş şəhərindən havaya qalxıb və 11,5 ton müdafiə sənayesi məhsulumuzu tam səlahiyyətli alıcı kimi Banqladeş Müdafiə Nazirliyinə çatdırmalı idi”.
Serbiyanın müdafiə naziri bildirib ki, ölkə 2016-cı ildən Ukraynaya silah vermir.
Bu arada Yunanıstanın Müdafiə Nazirliyi nüvə və bioloji müdafiə bölüyünün mütəxəssislərini Ukraynanın “An-12” təyyarəsinin qəzaya uğradığı yerə göndərir.
Mütəxəssislər təyyarənin göyərtəsində hansı maddənin olduğunu öyrənənə qədər yerli sakinlərdən pəncərə və qapıları bağlamağa çağırılıb. Hazırda iki partlayıcı mütəxəssis qrupu “An-12”nin qəzaya uğradığı yerdədir.