Nyu-Yorkdakı Müqəddəs Vinsent Ferrera kilsəsində ABŞ-ın sabiq prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Trampın dəfn mərasimi keçirilib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Nyu-Yorkun baş məhkəmə-tibb eksperti bildirib ki, İvana Tramp iyulun 14-də Yuxarı İst-Sayt rayonunda öz evində yıxılaraq aldığı zədələr nəticəsində vəfat edib. Onun 73 yaşı vardı.
İvana Tramp 1977-1992-ci illərdə ABŞ-ın sabiq prezidenti ilə nikahda olub. Onların üç uşağı var: Donald (oğul), Erik və İvanka.
Tramp ailəsinin məlumatında deyilir: “Anamız qeyri-adi qadın idi – bacarıqlı sahibkar, dünya səviyyəli idmançı, bənzərsiz gözəl, qayğıkeş ana və dost”.
Sabiq prezident Tramp “Truth Social” platformasında paylaşdığı məlumatda İvananı “Parlaq və ruhlandırıcı ömür yaşamış məlahətli, gözəl və heyrətamiz qadın” adlandırıb. Sabiq prezident dəfn mərasimində indiki həyat yoldaşı Melaniya Tramp və onların oğlu Berron ilə birlikdə iştirak edib.