Hazırda Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən Boris Conson NATO-nun yeni Baş katibi ola bilər.
Bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Bildirilir ki, Boris Consonun istefadan sonra vəzifəsiz qalacağı real görünmür.
“Boris Consonun NATO-nun Baş katibi postuna namizədliyini irəli sürməsini müdafiə üzrə komitənin üzvləri Riçard Draks və Mark Fransua, eləcə də Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə keçmiş nazir Devid Cons dəstəkləyirlər”, - deyə məlumatda qeyd olunub.
Qəzet, həmçinin yazır ki, ukraynalı deputatlar və Mühafizəkarlar partiyasından olan millət vəkilləri də bu ideyanı dəstəkləyir.
Nəşr onu da xatırladır ki, Consondan əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, eləcə də Birləşmiş Krallığın keçmiş baş nazirləri Tereza Mey və Devid Kemeron bu rol üçün proqnozlaşdırılırdı.
Nəşr daha bir maraqlı məqama diqqət çəkib. ABŞ Avropa İttifaqının yeni ordusunun yaradılması barədə planlarını bəyan edən avropalı siyasətçilərə etimadsızlıq göstərir. Bu səbəbindən NATO-nun Baş katibi postuna çoxdandır ki, Britaniya nümayəndəsi təklif olunur.
Qeyd edək ki, Boris Conson iyulun 7-si Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar partiyasının lideri vəzifəsindən istefa verib. Bununla belə, Conson yeni Baş nazir və partiyaya yeni sədr seçilənə qədər öz səlahiyyətlərini icra etməyə davam edəcək.
NATO-ya isə hazırda Yens Stoltenberq rəhbərlik edir. O, bu vəzifəyə 2014-cü ildə 5 il müddətinə təyin olunsa da, 2019-cu ildə onun mandatı 2022-ci ilin oktyabr ayına qədər uzadılıb. Amma Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başladıqdan sonra, NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü ilin sentyabrın 30-na qədər bu vəzifədə qalmasına dair qərar qəbul ediblər.