İrəvan metrosuna bomba qoyulması barədə siqnalın yalan olduğu üzə çıxıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İrəvan Metropoliteninin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, stansiyalara və metropolitenin balansında olan binalara baxış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib.
"İrəvan metrosu həmişə olduğu kimi bu gün səhər saat 07:00-da fəaliyyətini bərpa edəcək. Paytaxt sakinlərindən və qonaqlarından bir daha üzr istəyirik", - məlumatda deyilir.
Xatırladaq ki, avqustun 2-də axşam saatlarında Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan meriyasına, Zvartnots hava limanına, parlament binasına və bir sıra digər mühüm hərbi və mülki obyektlərə bomba qoyulması barədə məlumat daxil olub.
Məlumatların yoxlanılması üçün yanğınsöndürən və xilasedicilərdən ibarət döyüş heyətləri, eləcə də bir qrup istehkamçı göstərilən ünvanlara yola düşüblər.
Daha sonra Fövqəladə Hallar Nazirliyi Zvartnots hava limanında və İrəvan meriyasında yoxlamalar zamanı partlayıcı qurğunun aşkar edilmədiyini bildirib.
**21:28(02.08.2022)
Ermənistanın paytaxtı İrəvanda Karen Dəmirçyan adına metropolitenin minalanması xəbəri yayılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, saat 18:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə stansiyalarda partlayıcı qurğuların qoyulması barədə siqnal daxil olub.
Mülki Müdafiə Qoşunlarının Kollektiv Mərkəzinin kinoloq qrupları və mühəndis dəstəsi həmin yerə göndərilib.
"Hazırda metroda sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb, insanlar təxliyə olunub", - məlumatda deyilir.
Xatırladaq ki, uzunluğu 12 km-dən artıq olan İrəvan metropoliteni 10 stansiyadan ibarətdir. Metropolitenin 45 vaqonu var.