ABŞ Prezidenti Cozef Bayden deyib ki, o və həyat yoldaşı Cill Nyu-Yorkda yazıçı Salman Rüşdiyə edilən hücumdan sarsılıblar.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Cill və mən Salman Rüşdiyə qarşı vəhşicəsinə hücum xəbərindən sarsıldıq və kədərləndik. Biz bütün amerikalılarla və dünyadakı insanlarla birlikdə onun sağlamlığı və sağalması üçün dua edirik", - Amerika lideri bildirib.
Bayden təhlüksəzilik xidmətinin əməkdaşlarına hadisəyə ilk müdaxilə etmələrinə, Rüşdiyə kömək göstərənlərə və cinayətkarın tutulmasına kömək edən hər kəsə təşəkkür edib.
Xatırladaq ki, Salman Rüşdi avqustun 12-də ABŞ-ın Nyu-York şəhərində “Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb. Hadi Matar adlı şəxs səhnəyə çıxaraq 75 yaşlı Rüşdini boynundan və mədəsindən bıçaqlayıb.
Hadi Matar artıq həbs olunub. O, qəsdən adam öldürməyə cəhddə və hücumda ittiham olunur.