Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.
Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində daha 62 nəfər yaralanıb.
Hadisə pirotexnik məhsullar mağazasında baş verib.
**23:28(15.08.2022)
İrəvandakı “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan məlumat verib.
“Xilasedicilər dağıntılar altından indicə daha bir cəsəd çıxarıblar. Bu ana qədər ölənlərin sayı 8 nəfərə çatıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - Kostanyan sosial şəbəkədə belə yazıb.
FHN-dən bildiriblər ki, itkin düşənlərin sayı 23 nəfərə yüksəlib. Onların arasında Rusiyanın 1, İranın isə 6 vətəndaşı var.
Son məlumata görə, topdansatış üzrə ixtisaslaşmış “Surmalu” ticarət mərkəzində bazar günü baş vermiş partlayış və yanğın nəticəsində 61 nəfər xəsarət alıb.
Yanğını yalnız bazar ertəsi günü səhərə yaxın lokallaşdırmaq mümkün olub. Ermənistan prokurorluğunun xüsusilə ağır cinayətlər üzrə istintaq idarəsi hadisə ilə bağlı cinayət işi açıb.