Norveç və Britaniya Ukraynaya məbləği 9 milyon dollardan çox olan pilotsuz mikro uçuş aparatları vermək barədə razılığa gəliblər.
Bu barədə məlumat çərşənbə günü Norveç Müdafiə Nazirliyi tərəfindən açıqlanıb.
“Norveç və Böyük Britaniya Ukraynaya ianə çərçivəsində Black Hornet pilotsuz mikro uçuş aparatları almaq üçün səyləri birləşdiriblər. Tədarükün qiyməti 90 milyon Norveç kronu (9,2 milyon dollara yaxın) təşkil edəcək”, – deyə nazirliyin bəyanatında bildirilir.
Mikrodronlardan başqa, tərəflər həmin PUA üçün ehtiyat hissələri göndərəcək, həmçinin bu qurğuların daşınmasını və mütəxəssislərin təlimini təmin edəcək. Maliyyələşmə Norveçin 41,1 milyon dollar yatırdığı Britaniya fondunun xətti ilə həyata keçiriləcək.
Norveç Müdafiə Nazirliyi qeyd edir ki, Black Hornet mikrodronlarından həm ABŞ-da, həm də Böyük Britaniyada istifadə olunur. Bu PUA-lar kəşfiyyat aparmağa və hədəfi aşkarlamağa kömək edir. Onlar şəhər mühitində əməliyyatlar keçirilməsinə xüsusilə uyğun gəlir.
Məlumata görə, Black Hornet dronunun çəkisi 33 qramdan azdır. O, video-çəkiliş aparmağa imkan verən iki kamera ilə təchiz olunub. Saniyədə 6 metrədək sürət yığa bilən qurğu havada 25 dəqiqəyədək qala bilir.