İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığı ölkə daxilində komendant saatını ləğv edib.
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Ordu komandanlığı paytaxt Bağdad daxil olmaqla, bütün ölkədə komendant saatının ləğv edildiyini açıqlayıb.
Xatırladaq ki, İraqda ötən gün Bakı vaxtı ilə 20:00-dan etibarən komendant saatı tətbiq edilmişdi. Buna səbəb iraqlı şiələrin lideri Müqtəda əs-Sədrin tərəfdarları ilə silahlı qüvvələr arasında toqquşmaların baş verməsi olub.
Bağdadda silahlı toqquşmalar nəticəsində 30 nəfər həlak olub, 400-ə yaxın adam isə xəsarət alıb.