Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi də məlumat yayıb.
Bildirilib ki, Prezident Ərdoğan rusiyalı həmkarına keçmiş Sovet İttifaqının prezidenti Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib.
Bundan əlavə, danışıq zamanı Türkiyə-Rusiya münasibətləri ilə yanaşı regional məsələlər, xüsusilə taxıl məhsullarının Ukraynadan ixracı və Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) son vəziyyət müzakirə edilib.
Türkiyə Prezidenti ölkəsinin taxıl müqaviləsində olduğu kimi, Zaporojye AES ilə bağlı məsələnin həllində də vasitəçi rolu oynaya biləcəklərini ifadə edib.
Eyni zamanda Akkuyu Atom Elektrik Stansiyası barədə müzakirələrin aparıldığı danışıq zamanı hər iki lider stansiyanın planlaşdırıldığı kimi davam etdirilməsi məsələsində qərarlı olduqlarını bildiriblər.
Qeyd edilib ki, prezidentlər sentyabrın 15-i və 16-da Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı ilə bağlı Səmərqənddə keçirəcəkləri görüşdə gündəmlərində olan digər məsələləri ətraflı müzakirə etmək barədə razılığa gəliblər.
**13:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya və Türkiyə prezidentləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Zaporojye AES-ə missiyasının təşkilində Rusiyanın konstruktiv rolunu qeyd ediblər. Həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sektorunda birgə strateji layihələrin təşviqi məsələləri müzakirə edilib.