Bolqarıstanda aramsız yağışlardan sonra baş verən daşqın bir sıra fəsadlar törədib, çətinliklə üzləşən hökumət onun nəticələrinin aradan qaldırılmasına əsgərləri də cəlb edib.
Artıq Bolqarıstan ordusunun elit bölmələri ölkənin cənubundakı Plovdiv vilayətinin Karavelovo, Stoletovo və Rozino yaşayış məntəqələrinə gətirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hərbçilər zərər çəkmiş ərazilərin təmizlənməsi, eləcə də yerli sakinlərin ərzaqla təmin olunması ilə məşğuldurlar. Hərbi mühəndislər təbii fəlakət nəticəsində dağılmış körpüləri və fərdi yaşayış evlərini nisbətən qısa müddətdə bərpa etməyi planlaşdırırlar.
Qeyd edək ki, Plovdiv bölgəsinə yağan aramsız leysan yağışları daşqınlara səbəb olub. Hələ ki, ölən və yaralananların sayı barədə məlumat verilmir.