“Krım işğaldan azad olunacaq. Bu, Ukraynanın hüququ və borcudur. İşğal olunmuş yarımadaya qanunsuz gəlmiş Rusiya vətəndaşları artıq evlərinə qayıtmalıdırlar”.
“RBK Ukraina” xəbər verir ki, bunları Ukrayna Prezidentinin Rusiyanın işğalı altında olan Krım yarımadasındakı xüsusi nümayəndəsi Tamila Taşeva deyib.
O bildirib ki, Rusiya vətəndaşları Tümen, Saransk, İrkutsk və gəldikləri digər yerlərə geri qayıtmalıdırlar.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Krım əhalisini indidən yarımadanın işğaldan azad olunması prosesinə hazır olması barədə xəbərdar etmişdi. Həmçinin Krımın işğaldan azad olunması əməliyyatları zamanı insanların necə davranması ilə bağlı təlimatlar hazırlanıb.
“Report” xatırladır ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsələr də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.