Türkiyənin milli müdafiə naziri Hulusi Akar dünən növbəti dəfə Yunanıstana xəbərdarlıq edib. O bildirib ki, Yunanıstan tarixdən nəticə çıxarmalıdır: “Bəziləri Yunanıstanın qulağına nə isə deyə bilər. Tarix bunların keçərli olmadığını göstərib. Güzgüyə baxsalar, həqiqəti görəcəklər və bəlkə, utanarlar. Bu qədər ikiüzlülük, riyakarlıq olmaz. Bütün xoşniyyətli səylərimizə rəğmən, qonşumuz Yunanıstan hər dəfə təxribatlarla gərginliyi artırır. Bunun qarşısının alınması üçün əlimizdən gələni edirik”.
Bir çox ekspertlərin fikrincə, Yunanıstanla Türkiyə arasında Ukrayna ssenarisi təkrarlana bilər. Bəziləri düşünür ki, Türkiyənin zəiflədilməsi üçün bu dəfə Yunanıstan qurban seçiləcək.
Doğrudur, Afina ilə Ankara arasında gərginlikdə maraqlı olan qüvvələr var. Türkiyə rəsmiləri dəfələrlə bu barədə bəyanat səsləndiriblər. Hulusi Akar da dünənki açıqlamasında “Bəziləri Yunanıstanın qulağına nə isə deyə bilər” fikri ilə buna işarə vurub.
İlk növbədə onu deyək ki, tərəflər arasında ehtimal edilən savaş NATO daxilində parçalanmaya səbəb ola bilər. Alyansın digər üzvlərinin tərəf tutmalarında və ya səssiz qalmalarından asılı olmayaraq, bu, qurumun ruhuna uyğun gəlməyəcək. Və əgər savaş başlayarsa, ən böyük günahkar NATO üzü olacaq. Alyans istəsə toqquşmanın qarşısını ala bilər.
Doğrudur, Türkiyənin xarici siyasət kursu, əldə etdiyi uğurlar bəzi Qərb dövlətlərini narahat edir. Onların rəsmi Ankaranı zəiflətmək barədə düşünmələri mümkündür, təbiidir. Amma Yunanıstanda Ukrayna ssenarisinin təkrarlana biləcəyi ağlabatan deyil. Birincisi ona görə ki, Ukrayna siyasi hakimiyyəti təcrübəsiz davrandı, təhriklərə getdi. Türkiyənin bu qədər təcrübəsiz davranacağı inandırıcı görünmür. İkincisi, Yunanıstanda Türkiyə üçün “bataqlıq” yaratmaq mümkün olmayacaq. Ehtimal edilən savaş zamanı Ankara həm hərbi, həm də siyasi cəhətdən təmkinli davranacaq. Üçüncüsü, Qərb dövlətləri Yunanıstanı dəstəkləməyə cürət etməzlər. Bu, Türkiyə ilə diplomatik münasibətlərin kəsilməsi ilə nəticələnə bilər. Beləliklə, savaş başlayarsa, bundan ən çox zərər çəkən Qərb dövlətləri olacaq. Və müharibə miqyasına, təsir dairəsinə görə daha böyük olacaq.
Nəticə etibari ilə Yunanıstanda Ukrayna ssenarisinin təkrarlana biləcəyinə inanmıram. Dünya buna getməz...
Kənan Novruzov,
siyasi ekspert