Çin Xalq Respublikasının Sədri Si Cinpinin Qazaxıstana dövlət səfəri çərçivəsində ona bu ölkənin “Altın Kıran” (Qızıl Qartal) ali ordeni təqdim edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev medalın təqdim olunması mərasimində ÇXR Sədri Si Cinpinin liderliyi ilə Çinin sürətli inkişafa nail olduğunu, mütləq yoxsulluğun aradan qaldırıldığını deyib. O, Si Cinpinin iki ölkə arasında münasibətlərin inkişafındakı müstəsna rolunu vurğulayıb.
ÇXR Sədri Si Cinpin bildirib ki, “Altın Kıran” ordeni ilə təltif edilməsi iki ölkə və xalq arasında dostluğun rəmzidir.
Qeyd edək ki, 1995-ci ildə təsis edilən “Altın Kıran” Qazaxıstanın ən yüksək dövlət ordenidir. İndiyədək cəmi 20 nəfərə, o cümlədən Böyük Britaniya və Şimali İrlandiyanın keçmiş Kraliçası II Elizabetə, Rusiya Prezidenti Vladimir Putinə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Yaponiyanın keçmiş imperatoru Akihitoya, İspaniya Kralı I Xuan Karlosa, Almaniyanın sabiq kansleri Gerhard Şröderə, Azərbaycan Prezidenti İlham Əliyevə və başqalarına təqdim olunub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevə “Altın Kıran” ali ordenini təqdim edərkən bildirmişdi ki, Prezident İlham Əliyevi Qazaxıstanda görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyirlər.