Rusiya Prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.
Senzor.az xarici KİV-lərə istinadən bildirir ki, liderlər bir sıra məsələləri müzakirə ediblər.
Onlar, digər məsələlərlə yanaşı, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA), ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional təhlükəsizlik, o cümlədən Suriya nizamlanması, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Putin bildirib ki, üzvlük prosesini yekunlaşdırmaq üçün formal məsələlər qalıb: "İranla Rusiyanın münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir. Moskva ilə Tehranın mövqeləri üst-üstə düşür".
Prezident İbrahim Rəisi isə bildirib ki, Tehran və Moskvanı strateji münasibətlər birləşdirir.
“Biz ikitərəfli münasibətlərin inkişafına ciddi yanaşırıq. Bizim münasibətlərimiz adi deyil, strateji xarakter daşıyır. Siyasi, ticari-iqtisadi, eləcə də kosmik sferada əməkdaşlıq bundan sonra da inkişaf edə bilər. Biz Rusiyaya qarşı sanksiyaları tanımırıq və rəsmən də tanımayacağıq. Rusiya və İran kimi ABŞ-ın sanksiyalarına məruz qalan ölkələr arasında qarşılıqlı fəaliyyət problemlərin əhəmiyyətli hissəsini neytrallaşdıra bilər”, - deyə Rəisi vurğulayıb.