İranda hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsə Əmininin dəfnindən sonra ölkənin qərbində etiraz aksiyası başlayıb.
"Qazeta.ru" xəbər verir ki, polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Gənc qızın ölümünü İran rəsmiləri ürək problemləri ilə əlaqələndiriblər. Hadisə şahidlərinin sözlərinə görə isə qız polislər tərəfindən “avtozak”da döyülərək öldürülüb.
Məhsə Əmininin yaxınları da onun səhhətində problem olmadığını iddia edirlər.
“O, xəstəxanaya aparılıb, orada bir neçə gün komada olub. Sonra onu həyat təminatı sistemindən ayırıb ölü elan etdilər. Bütün ölkə əslində nə baş verdiyinin araşdırılmasını tələb edir”, - deyə qızın qohumları bildiriblər.
Bundan sonra iranlı qadınlar mərhumla həmrəylik əlaməti olaraq baş örtülərini çıxarıb havaya atıblar.
Qeyd edək ki, İranda hicabı çıxarmaq cinayət əməlidir.