Kutaisi şəhərində “Gürcüstan Bankı”nın filialında girov saxlanılan bütün şəxslər azad edilib.
Məlumata görə, onları girov götürən cinayətkar saxlanılıb.
Qeyd edək ki, qarətçi girovların müqabilində iki milyon dollar tələb edirdi.
**18:11
Kutaisi şəhərində “Gürcüstan Bankı”nın filialında girov saxlanılan 12 nəfərdən üçü azad edilib.
Hazırda KİV Gürcüstan DİN rəhbəri Vaxtanq Qomelauridən açıqlama gözləyir.
**17:51
Kutaisi şəhərində “Gürcüstan Bankı”nın filialında insanları girov götürən qarətçi qumbaranın alışqanını çəkərək onu partladacağı ilə hədələyib.
Girovlar bankı əhatəyə alan polislərə bildiriblər ki, tələb olunan pulu pəncərədən içəri ötürsünlər.
Beş saatdan çox davam edən girovluq zamanı içəridəki qadınlardan birinin halı pisləşib.
Bədəninə bir neçə partladıcı qurğu bərkidən qarətçi girovlardan birini isə özünə bağlayıb.
Qarətçi iki milyon dollar tələbini qüvvədə saxlayıb, digərlərindən isə vaz keçib, o, sona qədər gedəcəyini deyib: “İtirməli heç nəyim yoxdur, mən 25-30 il həbsdə yatan deyiləm”.
Bundan öncə qarətçi İmeretinin polis rəisi Zaza Tsxakaya ilə danışıqlar aparıb. Gürcüstan DİN rəhbəri Vaxtanq Qomelauri də hadisə yerindədir.
“Mtavari arxi” telekanalı qarətçinin kimliyini açıqlayıb. Məlumata görə, həmin şəxs Gürcüstan vətəndaşı deyil, Polşada yaşayırmış və kazinoda külli miqdarda pul uduzandan sonra kredit borcları yaranıb.
**15:11
Kutaisi şəhərində “Gürcüstan Bankı”nın filialında insanları girov götürən qarətçinin tələblərinin yerinə yetirilməsi üçün qoyduğu vaxt başa çatıb.
Polislərin mühasirəyə aldıqları bank binasının yanında girovların ailə üzvləri toplaşıblar. Əraziyə əlavə qüvvələr cəlb olunub.
12 girovdan üçü qadındır.
Bundan əvvəl səsləndirilən tələblərdən birinin yanlış anlaşıldığı da bəlli olub. Gürcüstan KİV-də yayılan məlumata görə, qarətçi tilov deyil, rasiya tələb edirmiş. Qarətçinin dediyi “ankesi” sözü gürcü dilində bu hər iki mənanı verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşlardan və KİV nümayəndələrindən bankın yaxınlığındakı ərazini tərk etmələrini istəyiblər.
**14:35
Kutaisidə “Gürcüstan Bankı”nda 12 nəfəri girov götürən şəxs sosial şəbəkədə ofisin daxilində partlayıcı yerləşdirdiyini sübut edən kadrlar yayıb.
“Burada bombalar qoymuşam, qapı açılan kimi partlayacaq”, - adam deyir.
Girovlardan biri isə deyir: “Onun üstündə saniyəölçən də var, o, zarafat etmir”.
Qarətçinin tələblərin yerinə yetirilməsi üçün qoyduğu vaxtın bitməsinə 30 dəqiqə qalıb.
**14:06
Kutaisidə “Gürcüstan Bankı”nda 12 nəfəri girov götürən şəxs yeni tələblər irəli sürüb.
Məlumata görə, o, helikopter, tilov və Rusiya bayrağı istəyir. Əvvəlki iki milyon dollar tələbi də qüvvədədir.
Qarətçinin tələblərin yerinə yetirilməsi üçün qoyduğu vaxtın bitməsinə bir saatdan da az müddət qalıb.
**13:39
Gürcüstanın Kutaisi şəhərində banka hücum edərək oradakıları girov götürən şəxs iki milyon dollar tələb edib.
Sosial şəbəkələrdə yayılan videoda qarətçi girovdan xahiş edir ki, onun tələbini səsləndirsin.
Girov öncə: “Üç saat ərzində iki milyon dollar gətirilsin”, - deyir. Sonra isə qarətçiyə xitabən: “Qardaş, öz tələblərini özün de”, - söyləyir.
Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, “Gürcüstan Bankı”nda hazırda 12 nəfər girov saxlanılır.
Həmçinin o da bildirilir ki, qarətçi bankın giriş qapılarını minalayıb, iki qadını isə girovluqdan azad edib.
Polislər binanı mühasirəyə alıblar.
DİN Kutaisidə bankda insanların girov götürülməsini terror aktı kimi dəyərləndirib.
**13:18
Gürcüstanın Kutaisi şəhərində maskalı silahlı şəxs yerli banklardan birinə hücum edib.
O, bankdakı insanları girov götürüb.
Bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, naməlum şəxs həm müştərilər, həm də qurumun əməkdaşları da daxil olmaqla 10-a qədər adamı girov götürüb.
Hadisənin şahidləri bildiriblər ki, bank binasının yaxınlığında silah səsləri eşidilib. Şahidlərdən birinin sözlərinə görə, hücum edən şəxsin iki milyon pul tələb etdiyini eşidib, ancaq valyuta barədə dəqiq məlumat verilmir.
Hazırda hüquq-mühafizə orqanları girovların azad edilməsi üçün xüsusi əməliyyat keçirir.