Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi əhali tərəfindən heç də birmənalı qarşılanmayıb. Vətəndaşların bir qismi mövcud vəziyyətə etiraz etsələr də, digər bir qismi çıxış yolunu ölkəni tərk etməkdə tapıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məhz bu səbəbdən də, dövlət başçısının məlum çıxışından sonra rusiyalıların ölkədən kütləvi qaçışı başlayıb. Qonşu ölkələrə üz tutan rusiyalılar Gürcüstanla sərhəddə tıxaca səbəb olublar.
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Rusiya-Finlanfiya sərhədində də analoji vəziyyətin hökm sürdüyü bildirilir.
Estoniyanın baş naziri Kaya Kallas isə bəyan edib ki, qismən səfərbərlikdən yayınan Rusiya vətəndaşları sığınacaq üçün onlara müraciət edə bilməyəcəklər.
“Bütün vətəndaşlar öz dövlətlərinin hərəkətlərinə görə məsuliyyət daşıyırlar, bu, Rusiya vətəndaşlarına da aiddir”, - deyə o bildirib.
Baş nazir belə şəxsləri “müharibəyə qarşı olduqlarını bəyan etməyə” çağırıb.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs də bildirib ki, Riqa milli təhlükəsizlik səbəbindən səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına humanitar və ya digər növ viza verməyəcək.