İsrailin Baş naziri Naftali Bennet ABŞ-da Bəhreynin xarici işlər naziri Abdel Lətif al-Zayani və BƏƏ-nin dövlət naziri Xəlifə Şahin al-Marar ilə görüşüb.
Bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bennet bildirib ki, böyük əhəmiyyət kəsb edən sülh sazişlərinin imzalanmasının ildönümündə bir araya gəlmək çox vacibdir.
"Biz sabitik, bu əlaqələrə inanırıq və onu mümkün qədər genişləndirmək istəyirik", - Baş nazir deyib.
Bennet Birləşmiş Ştatlara bir gün əvvəl yola düşüb, burada o, BMT Baş Assambleyasında çıxış edəcək.
Azvision.az xatırladır ki, ABŞ 2020-ci ildə İsrail və ərəb ölkələri arasındakı münasibətləri normallaşdırmağa yönəlmiş bir proses başlatdı. Proses nəticəsində sülh sazişləri imzalandı. Sazişlərə BƏƏ, Bəhreyn, Mərakeş və Sudan qoşulub. Fələstin Administrasiyası ərəb ölkələrinin İsraillə münasibətləri normallaşdırmaq üçün atdığı addımları tənqid edib.