“Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşvilinin bu gün Gürcüstanda həbs edilməsi ilə bağlı xəbərləri yaxından izləyir”.
APA xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov özünün “Facebook” səhifəsindəki paylaşımında qeyd edib.
Bildirib ki, Ukraynanın Tbilisidəki səfirliyi hələ də öz vətəndaşının həbsi ilə bağlı Gürcüstan tərəfindən rəsmi məlumatla təmin edilməyib.
“Biz Ukrayna Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvilinin saxlanılması ilə bağlı xəbərləri yaxından izləyirik. Prezident Vladimir Zelenski bu cür xəbərlərdən və Gürcüstanda vəziyyətin mümkün inkişafı ilə bağlı səsləndirilən bəyanatların tonundan narahatdır. Ukrayna öz vətəndaşına qarşı bu cür addıma görə Gürcüstan tərəfinə bütün şərtlərə və səbəblərə aydınlıq gətirməsi üçün müraciət edir. Ukraynanın Gürcüstandakı səfirliyi hələ də saxlanılma ilə bağlı rəsmi məlumat qəbul etməyib. Amma, bizim konsullarımız artıq Mixail Saakaşvilinin bütün zəruri yardımlarla təmin edilməsi istiqamətində işləyirlər”, - deyə S. Nikiforov bildirib.
Qeyd edək ki, bir az əvvəl Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvilinin həbsi ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda M.Saakaşvilinin Daxili İşlər Nazirliyi tərəfindən həbs olunaraq barəsindəki məhkəmə qərarlarının icrası üçün müvafiq penitensiar müəssisəyə yerləşdirildiyi bildirilib.
Baş Prokurorluq, həmçinin, sabiq prezidentə qarşı irəli sürülən ittihamlara aydınlıq gətirib.
Qeyd olunub ki, Valeria Gelaşvili və Sandro Qirqvlianiyə qarşı fikizi zorakılıq tətbiq etməsi müəyyən edilən M.Saakaşviliyə hər üç instansiya məhkəməsi tərəfindən 6 il müddətinə həbs cəzası verilib və qərarın appelyasiyası mümkün deyil.
Bundan başqa sabiq prezident “İmedi” telekanalına basqın təşkil etməkdə, həmçinin, Patarkatsişvili ailəsinin mülkərini mənimsəməkdə və Dövlət Xüsusi Mühafizə Xidmətinin təxminən 9 milyon lari məbləğində vəsaitini şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham edilir.