Ötən il Beyrut Limanında baş verən partlayışın məhkəmə işini aparan hakim Tariq əl-Bitarın yerinə başqasının təyin edilməsini tələb edən nümayişçilərə açılan atəş nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb.
Ovqat.com xəbər verir ki, bunu Livanın Daxili İşlər naziri Bessam Mövləvi bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun dediyinə görə, ölənlərin və xəsarət alanların hamısı snayper atəşi ilə başlarından güllələnib. Snayper atəşindən sonra Beyrutda ara qarışıb. Məlumata görə, "Hizbullah" öz tərəfdarlarını atəşə tutan tərəfin xristianlara məxsus “Livan Gücləri” partiyasının silahlıları olduğunu bildirib. Bu açıqlamadan sonra Beyrutda xristianlarla İran tərəfdarı "Amal" və "Hizbullah" tərəfdarları arasında atışmalar başlayıb.
Livanın Daxili İşlər naziri Mövləvi proseslərin vətəndaş müharibəsinə çevrilmə ehtimalını istisna etməyib və bunun heç bir tərəfə fayda gətirməyəcəyini bildirib. Nazir vətəndaşları sülhə çağırıb.
Digər bir açıqlama isə Livan ordusundan gəlib. Ordu toqquşmanın baş verdiyi məhəllələrdə vətəndaşları evlərinə çəkilməyə çağırıb. Bəyanatda vurğulanıb ki, toqquşmaların baş verdiyi məhəllələrdə vəziyyət nəzarət altına alınacaq və əlində silah olan hər kəs yerindəcə güllənəcək.
Qeyd edək ki, Livanda "Hizbullah" bir zamanlar ordudan daha güclü idi. Hətta 2006-cı ildə İsraillə bir aylıq döyüşlərdə ciddi uğurlar belə qazanmışdı.
Sonradan Səudiyyə Ərəbistanının maddi dəstəyi ilə Livan ordusu gücləndirildi. "Hizbullah" da əslində bu illər ərzində boş durmadı, iştirak etdiyi Suriya vətəndaş müharibəsində əlinə ciddi hərbi texnikalar da keçirdi. Odur ki, Livan ordusu da işə qarışarsa, ölkədə ciddi qarşıdurmalar yaşana bilər.
Livan 1975-ci ildən 1990-cı ilə qədər vətəndaş müharibəsi ilə sınağa çəkilmiş ölkədir. Bu 15 il ərzində İsrail zülmündən qaçan Fələstin qaçqınlarının ölkəyə gəlməsi ilə sosial gərginliklər artmış, ardınca narazılıqlar xristian, dürzi, şiə, sünnü təşkilatlarının iştirak ilə vətəndaş müharibəsinə çevrilmişdi. Uzun sürən vətəndaş müharibəsində 200 mindən çox insan həyatını itirmişdi.
Eyni prosesin yenidən baş verəcəyindən ehtiyat edilir.