“Taliban” hərəkatı yaxın 1-2 ayda Əfqanıstanda qızların orta məktəblərə getməsinə icazə verəcəyini vəd edir.
“Associated Press” xəbər verir ki, bunu ötən həftə Kabili ziyarət edən UNICEF-in icraçı direktorunun müavini Ömər Abdi deyib.
Abdinin sözlərinə görə, “Taliban” tərəfindən təyin edilən təhsil naziri hərəkatın, bütün qızların altıncı sinifdən sonra təhsillərinə davam etmələrinə icazə vermək üçün “çərçivə prinsipləri” üzərində işlədikləri barədə onu əmin edib.
“Hazırda burada sizinlə söhbət etdiyim müddətdə orta məktəb yaşında olan milyonlarla qız artıq 27-ci gündür ki, təhsil almır”, - deyə o, BMT-nin qərargahında jurnalistlərlə söhbətində təəssüflə əlavə edib.
Abdi onu da qeyd etdi ki, Əfqanıstanın 34 əyalətindən beşi - Balx, Cövzcan, Samanqan, Qunduz və Uruzqan artıq qızların orta məktəbə getməsinə icazə verib.