
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Məlumata görə, COVID-19 infeksiyası səbəbindən ölənlərin sayında ardıcıl olaraq üçüncü sutkadır ki, yeni antirekordlar qeydə alınır. Belə ki, noyabrın 2-də 1178 nəfər, bir gün sonra isə 1189 nəfər koronavirusdan həyatını itirib. Ölüm hallarında artım sentyabr ayının sonlarından, xəstəliyin çoxalması ilə yanaşı yüksəlməyə başlayıb.
Ən çox ölüm halı Moskva şəhərinin payına düşür – 97 nəfər. Sankt-Peterburqda 75 nəfər, Moskva vilayətində isə 52 nəfər koronavirusun qurbanı olub.
Həmçinin sutka ərzində Rusiyanın paytaxtında 6 min 305 nəfər COVID-19 infeksiyasına yoluxub.
Pandemiyanın statistikasını aparan “Worldometers” portalının məlumatına görə, indiyədək Rusiyada koronavirusa yoluxanların sayı 8 milyon 673 min nəfəri ötüb, ölənlərin sayı 243 min 255 nəfərə çatıb, 7 milyon 477 min xəstə isə sağalıb.
Rusiya həm koronavirusa yoluxanların, həm də ölənlərin sayına görə dünyada beşinci yerdə qərarlaşıb.