
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya lideri bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko və Almaniya Kansleri Angela Merkel bir-birləri ilə danışmağa hazırdırlar: “Yaxın günlərdə onların danışacağına ümid edirəm. Bu, çox vacibdir, çünki miqrantlar əsasən Almaniyaya üz tuturlar”.
Putin əlavə edib ki, ilk növbədə Belarus- Polşa sərhədində olan miqrant uşaqlara yazığı gəlir. Onun sözlərinə görə, heç bir Rusiya aviaşirkəti miqrant daşımır.
Xatırladaq ki, Belarus-Polşa sərhədində miqrasiya böhranı yaydan davam edir, vəziyyət noyabrın 8-də 3 min nəfərə yaxın qeyri-qanuni mühacirin Polşa sərhədlərinə yaxınlaşması ilə gərginləşib. Söhbət Yaxın Şərq və Afrika ölkələrindən Belarusa qanuni yolla gələn, sonra isə Avropa İttifaqına daxil olmaq üçün Polşaya və ya Baltikyanı ölkələrə üz tutan qaçqınlardan gedir.
O da maraqlıdır ki, son günlər Qərb, xüsusən də Avropa Komissiyası bu işdə “Rusiya barmağı” axtarırlar. Məsələn, bir neçə gün əvvəl Avropa Komissiyası Mətbuat xidmətinin nümayəndəsi Peter Stano keçirdiyi brifinqdə bildirmişdi ki, təmsil etdiyi qurum Belarusda, Avropa İttifaqı üçün potensial miqrantlarla bağlı vəziyyətə Rusiyanın və bir sıra digər ölkələrin cəlb oluna biləcəyi barədə məlumatı araşdırır.