Əfqanıstanın şimalındakı Bağlan əyalətinin Andarab bölgəsindəki humanitar vəziyyət radikal “Taliban” hərəkatı silahlılarının yanacaq və ərzaq tədarükünə maneə törətməsi, həmçinin yerli sakinləri oğurlaması səbəbindən son dərəcə ağır olaraq qalır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə radikalların ölkədə hakimiyyəti ələ keçirməsini qəbul etməyən və özünü dövlət başçısı vəzifəsininin müvəqqəti icraçısı elan edən Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh “tvitter”dəki şəxsi hesabında məlumat verib.
Onun sözlərinə görə, “Taliban” qida və yanacağın Andarab vadisinə aparılmasına icazə vermir: “Humanitar vəziyyət ağırdır. Minlərlə qadın və uşaq dağlara qaçmağa məcbur olub. Son iki gün ərzində “Taliban” uşaqları və qocaları oğurlayır. Onlardan evlərdə axtarış aparan zaman canlı qalxan kimi istifadə edir”.
Əşrəf Qani dövründə daxili işlər naziri vəzifəsində çalışmış Məhəmməd Məsud Əndarabi isə öz “Twitter” səhifəsində yazıb ki, “Taliban” tərəfindən dinc əhaliyə qarşı edilən vəhşiliklərin heç bir əsası yoxdur və buna görə də insan haqları üzrə beynəlxalq təşkilatlar “Əndarabda “Taliban”ın əməllərini araşdırmalıdırlar.