“Dünyadakı hər kritik məsələdə söz sahibi olan ölkəyə çevrilmişik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı deyib.
“Artıq heç kimin, heç bir kəsimin, heç bir gücün ölkəmizə, millətimizə, gənclərimizə itkilər verdirməsinə imkan verməyəcəyik. Dünən öz sərhədləri içərisində varlıq-yoxluq mübarizəsi aparan bir ölkədən bu gün bölgədə və dünyada hər kritik məsələdə söz sahibi olan ölkəyə çevrilmişik”, - o, qeyd edib.
Ərdoğan Malazgirt döyüşündə həyatını itirənləri yad edib: “Millətimizə Anadolunun qapılarını açan böyük zəfərin 950-ci ildönümündə bu torpaqların vətənimiz olmasına və bu şəkildə qalmasına görə gözlərini qırpmadan canlarını ortaya qoyan bütün şəhidlərimizi, qazilərimiz, qəhrəmanlarımızı rəhmətlə, şükranla yad edirəm”.
Prezident onu da bildirib ki, ölkənin 2023-cü ilə nəzərdə tutulan hədəfləri ilə Türkiyəni layiq olduğu inkişafa çatdıracaqlar: “2023 hədəflərimizlə ölkəmizi layiq olduğu inkişaf və demokratiya mərtəbəsinə çatdıracağıq. Bunun üçün var gücümüzlə çalışdıq, çalışırıq. 2053 və 2071 məqsədlərimizlə isə Türkiyəni hər sahədə dünyanın ən güclü ölkələri arasında ilk sıralara gətirmə vəzifəsini gənclərə miras buraxırıq”.
Türkiyə Prezidenti Bitlisin Ahlat bölgəsindəki tarixi məzarları Türkiyənin Orxon-Yenisey abidələri adlandırıb.
“Report” xatırladır ki, 1071-ci ildə baş verən Malazgirt döyüşündə Səlcuqlar dövlətinin sultanı Alparslan Bizans hökmdarı Diogen üzərində qələbə qazanıb. Bu tarix türklərin Anadolu və Ön Asiya coğrafiyasında hakim gücə çevrilməsi baxımından həlledici sayılır.