İranın yeni hökuməti parlamentdən etimad aldıqdan sonra fəaliyyətinə imam Xomeyninin məqbərəsini ziyarət etməklə başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, avqusutun 26-da Prezident İbrahim Rəisi başda olmaqla bütün hökumət üzvləri İran İslam İnqilabının banisi imam Xomeyninin məqbərəsini ziyarət ediblər.
Prezident İbrahim Rəisi çıxış edərək bildirib ki, yeni hökumət imam Xomeyninin ideallarına sadiq qalaraq cəmiyyətdə ədaləti bərpa etməyə çalışacaq. Yeni hökumətin məqsədi İran xalqına ürəkdən xidmət etməkdən ibarətdir.
Prezidentin sözlərinə görə, imam Xomeyninin vəsiyyətinə uyğun olaraq dövlət adamlarının yalnız bir amalı olmalıdır ki, bu da xalqa xidmət etməkdir. İmam Xomeyni insanlara inanaraq həyatını xalqa xidmət etməklə keçirdi. Yeni hökumətin də xalqa böyük inamı var və bu inamla da xalqın problemlərini həll edərək gələcəyə hazırlayacaq.
İran Prezidenti nəzərə çatdırıb ki, yeni hökumətin məqsədi ölkəni inkişaf etdirməkdən ibarətdir.
Qeyd edək ki, ötən gün İran parlamenti yeni hökumətə etimad göstərib və nazirlər öz vəzifələrinin icrasına başlayıblar.