Meteoroloqların əvvəlcədən xəbərdarlıq etdiyi çovğun İstanbulu iflic edib.
Yenisabah.az xəbər verir ki, xüsusilə İstanbulda böyük fəsadlar qeydə alınıb. Şəhərin 3 əsas arteriyası - TEM, E-5 və Şimali Mərmərə şosesi qış təkərləri olmayan maşınlar üçün kabusa çevrilib, yollarda silsilə qəzalar baş verib.Avtomobillərin saatlarla hərəkət etmədən gözlədiyi magistrallara qar təmizləyici maşınlar girə bilmədiyi üçün minlərlə insan yolda qalıb.
Ötən gün günorta saatlarında şiddətlənən çovğun İstanbul Hava Limanının yerləşdiyi şimal xəttində 1 metrlik örtük yaradıb. Ən çox qar yağan rayonlar Arnavutköy, Çatalca, Hadımköy, Sultanqazi, Beylikdüzü, Büyükçekmece və Avcılar olub. Bu bölgələrdə qarın orta qalınlığı 30-50 santimetri ötüb.
İstanbul Valiliyi rəsmi qurumlarda işin saat 15:30-da dayandırılmasına qərar verib. Ticarət mərkəzlərinin saat 19:30-da bağlanacağı açıqlanıb. Zavodlar və digər iş yerləri də erkən bağlanıb, lakin bu, xaosu daha da artırıb. Əsas yollara qoşula bilməyən sürücülər bu dəfə kəsə yolları bağlamağa başlayıblar. Yanacağı bitən bəzi avtomobillər yol kənarında qalıblar.
Esenler, Harem avtovağzallarından avtobusların çıxışına qadağa qoyulub. Uçuş-enmə zolaqları təxminən 1 metr qar altında qalan İstanbul Hava Limanından dayandırılan uçuşlar və enişlər dünən gecədən yenidən tədricən bərpa edilib.
Avtomobillərini tərk etməyə məcbur olan minlərlə insan evlərinə çatmaq üçün saatlarla piyada yol gedib. Avtobuslara sıxlıqdan minmək mümkün olmayıb. Əlavə ekspedisiyalar cəlb olunsa da, sıxlığın qarşısını almaq mümkün olmayıb. Evlərinə çata bilməyən 3 minə yaxın insan otellərdə, hostellərdə və ya məscidlərdə qalıb.