Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib ki, radikal siyasi qüvvələrin və aktivistlərin 99 faizi xarici təsirlərdən asılıdır və onların fəaliyyətini “dərin dövlət” adlandırılan strukturlar sifariş edir.
Prezident bu barədə “Rustavi 2” telekanalında qonağı olduğu “Gecə Kuriyeri” verilişində danışıb.
O qeyd edib ki, bu gün Gürcüstanda radikal qanadda kim aktivdirsə – istər sosial şəbəkələrdə, istərsə də qeyri-hökumət təşkilatlarının adından danışanlar, siyasi partiyalar, media qurumları – onların 99 faizi xarici təsirlərdən asılıdır.
"Hamısının xarici aktorlarla əlaqəsi var: ya maliyyə dəstəyi ilə, ya ideoloji təsirlərlə, ya da birbaşa əlaqələrlə. Heç kim sizə elə bir insan göstərə bilməz ki, o, tam müstəqil şəkildə Gürcüstanın daxili ictimai tələbatından doğaraq bir təşkilat yaratsın və problemləri görüb hakimiyyətə qarşı çıxış etsin. Belə bir nümunə yoxdur”, - Prezident vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstanda müstəqil adlanan ekspertlər və təşkilat təmsilçiləri də hansısa şəkildə xarici təsir dairəsinə bağlıdırlar: “Hamı bir formada bu proseslərə cəlb olunub – ya maliyyə dəstəyi alırlar, ya təşkilatların üzvləridir, ya da başqa formalarda birlikdə hərəkət edirlər. Bunu sifarişçilər də gözəl bilirlər”.
Prezident əlavə edib ki, bu qüvvələrin ifşa olunma anı məhz onlara ünvanlanan mesajların düzgün hədəfə dəyməsi ilə başlayır: “Onlar məhz həmin an qarayaxma kampaniyasına başlayırlar. Yəni, əgər onlar hərəkətə keçibsə, deməli, mesajlar düz hədəfə dəyib”.