Kamboca və Tailand atəşkəs barədə razılığa gəliblər.
TASS xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim məlumat verib.
Onun sözlərinə görə, atəşkəs 24 saat ərzində qüvvəyə minəcək.
"Kamboca və Tailand bu gün yerli vaxtla gecə yarısından etibarən 24 saat ərzində qüvvəyə minəcək qeyd-şərtsiz atəşkəslə bağlı ümumi anlaşmaya nail olublar", - Baş nazir qeyd edib.
Qeyd olunub ki, hər iki ölkənin nümayəndə heyətləri arasında Kuala-Lumpurda aparılan danışıqlar bir neçə saat davam edib.
**12:18
Malayziyada Tailandın Baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay və Kamboca hökumətinin başçısı Hun Manet arasında sərhəd münaqişəsinin həlli ilə bağlı danışıqlar başlayıb.
Bu barədə "Bernama" agentliyi məlumat verib.
Bildirilib ki, görüş Putracayya şəhərində keçirilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsindəki hesabında paylaşım edərək bildirmişdi ki, Malayziyada tezliklə Kamboca və Tailand arasında yüksək səviyyədə atəşkəs üzrə danışıqlar başlayacaq.
O həmçinin vurğulamışdı ki, ABŞ Dövlət Departamentinin əməkdaşları danışıqlara dəstək üçün artıq Malayziyadadırlar.
Xatırladaq ki, iyulun 23-24-də Tailand-Kamboca sərhədində gərginlik yaranıb, döyüşlər başlayıb, hər iki tərəf dinc sakinlər də daxil olmaqla, ölən və yaralananların olduğunu bildirib.
Tailand və Kamboca arasında uzun illərdir ki, ərazi mübahisəsi gedir və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Preax Vixear məbəd kompleksi də bu ərazilərə daxildir. 1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi məbədin Kambocaya aid olduğuna qərar verib, lakin Tailand bu hökmü tanımayıb və əvvəlki kimi, kompleksə qarşı iddialarını irəli sürür. Bütün bu il ərzində mübahisəli ərazidə eskalasiya halları baş verib.