İstanbulda Türkiyə-İtaliya-Liviya əməkdaşlıq sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İtaliyanın Baş naziri Corc Meloni və Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybenin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Senzor.az bildirir ki, Türkiyə dövlətinin başçısı Meloni və Dibeybeni rəsmi mərasimlə qarşılayıb.
Rəsmi hissə başa çatdıqdan sonra liderlər danışıqlara başlayıblar.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsindən verilən məlumata görə, Ərdoğan, İtaliyanın baş naziri Meloni və Liviya Milli Birlik Hökumətinin baş naziri Dibeybe əməkdaşlıq məsələlərini və regional problemləri müzakirə ediblər.
Ərdoğan Aralıq dənizi hövzəsinin üzləşdiyi problemlər, o cümlədən qeyri-qanuni miqrasiya ilə mübarizədə üç ölkə arasında əməkdaşlığın vacibliyinə diqqət çəkib. Prezident vurğulayıb ki, qeyri-qanuni miqrasiyanın səbəblərini aradan qaldırmaq üçün uzunmüddətli və davamlı həll yolları və çoxtərəfli koordinasiya lazımdır.
Prezident Ərdoğan qeyd edib ki, beynəlxalq ictimaiyyət təcili atəşkəs bərqərar etmək və Qəzzaya humanitar yardımı mümkün qədər tez çatdırmaq üçün məsuliyyət daşıyır. Onun sözlərinə görə, 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan, suveren, müstəqil və coğrafi baxımdan bitişik Fələstin dövlətinin yaradılması ilə daimi həllə nail olmaq olar.
Sammitdə qərara alınıb ki, əməkdaşlıq komitələrinin iclaslarından sonra liderlər qəbul edilən qərarları qiymətləndirmək üçün bir araya gələcəklər.
Qapalı keçirilən görüşdə Prezident Ərdoğanı xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət ediblər.