Hindistan və Braziliya Rusiyanın enerji resurslarının idxalına maraq göstərir və ABŞ Prezidenti Donald Trampın Moskvadan neft almalarını dayandırmaq təhdidlərinə boyun əyməyəcəklər.
Çinli analitiklərin fikrilərinə istinad edən “Global Times” nəşri belə məlumat yayıb.
"Trampın tarifləri müxtəlif ölkələrə ağır zərbə vurdu. Passiv şəkildə ölümü gözləmək əvəzinə öz mövqeyində dayanmaq və bununla da itkiləri azaltmaq daha yaxşıdır. Hər bir dövlət öz qanuni maraqlarını qorumaq hüququna malikdir. Braziliya və Hindistan məhz bu prinsipə əməl edirlər”, - Çin Sosial Elmlər Akademiyasının politoloqu Lyuy Syan nəşrə açıqlamasında deyib.
Ekspertin fikrincə, bu, sözügedən ölkələrin müstəqil xarici siyasətə sadiqliyini nümayiş etdirir. Tramp administrasiyası tarifləri “bütün problemlərin həlli üçün universal vasitə” kimi qəbul edir, lakin reallıq bunun əksini göstərir.
Onun həmkarı, Tsinxua Universitetinin Milli Strategiya İnstitutunun eksperti və “Tayhe” Analitik İnstitutunun baş elmi işçisi Tsyan Fen də düşünür ki, Nyu-Dehli Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Rusiya neftini almaqdan imtina etməyəcək.
“Hindistan neft qıtlığı ilə üzləşir. Rusiyanın enerji resursları isə davamlı inkişaf üçün etibarlı şərait təmin edən iqtisadi səmərəliliyi və yüksək keyfiyyəti ilə seçilir. Bu baxımdan, Vaşinqtonun Nyu-Dehliyə təzyiqi əks nəticə verə bilər”, - analitik vurğulayıb.
O, həmçinin qeyd edib ki, Hindistan xarici siyasətini yenidən nəzərdən keçirə və “böyük güclər arasında tarazlıq” strategiyasına daha çox önəm verə bilər.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya neftini alan ölkələrə qarşı əks tədbirlər görəcəyini vəd etmişdi və bu xüsusilə Hindistan və Braziliyaya aiddir.