Qəzza zolağında humanitar yardım daşıyan yük maşını insan kütləsinin üzərinə aşıb, azı 20 nəfər həlak olub, onlarla insan xəsarət alıb.
Bu barədə “Al Arabiya” məlumat yayıb.
“Hadisə Nuseyrat qaçqın düşərgəsi yaxınlığında baş verib. Yük maşını son zamanlarda raket hücumuna məruz qalmış təhlükəli yolla hərəkət edib”, - Qəzza Mülki Müdafiəsinin nümayəndəsi Mahmud Bassal bildirib.
Öz növbəsində HƏMAS bəyan edib ki, İsrail "sürücüləri aclıq çəkən mülki şəxslərlə dolu marşrutlarla hərəkət etməyə məcbur edir: “Bu, tez-tez ümidsiz kütlələrin yük maşınlarına hücum etməsinə səbəb olur”.
İsrail hərbçiləri hələ ki, hadisəni şərh etməyiblər.