Günəşdə plazmanın sürətli və kompleks emissiyası baş verib və bir anda ulduzun bir neçə bölgəsinə təsir edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının Teleqram kanalında məlumat yayılıb.
"Günəşdə ulduzun qərb yarımkürəsində bir anda bir neçə aktiv bölgəyə təsir edən kompleks və çox sürətli plazma emissiyası meydana gəlib. Ümumilikdə, hadisə təxminən yarım milyon kilometr diametrli bir sahəni (görünən Günəş diskinin üçdə biri) əhatə edib", - məlumatda bildirilir.
Qeyd olunur ki, maddənin bir hissəsinin və maqnit sahələrinin Yerə doğru getməsinin əlamətləri var.
Yeri gəlmişkən, bundan əvvəl Rusiyanın E.K.Fyodorov adına Tətbiqi Geofizika İnstitutu avqustun 10-da Günəşdə qeyri-adi partlayış baş verdiyi barədə məlumat yayıb. Məlumata görə, partlayış 13 dəqiqə davam edib.
Alimlərin sözlərinə görə, partlayışdan sonra radiasiya bir saatdan çox müddət ərzində yüksək səviyyədə qalıb.
Qeyri-adi plazma emissiyası Günəş diskinin kənarına yaxın yerdə baş verib. Alimlər qeyd edirlər ki, ya bu emissiya fövqəladə böyük olub, ya da Günəşin müxtəlif yerlərində iki partlayış üst-üstə düşüb və belə bir mənzərə yaradıb.
Qeyd edək ki, bu, artıq son günlər üçüncü güclü Günəş emissiyasıdır. Onu da xatırladaq ki, iyunun 8-də də Günəşin cənub qütbündə son illərin ən böyük plazma emissiyalarından biri baş vermişdi. Onda Günəş 2017-ci ildən bəri ən uzun maqnit qasırğalarına səbəb olmuşdu. Yeni hadisə Günəş aktivliyinin yüksək olaraq qaldığını təsdiqləyir.