Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və NATO-nun Baş katibi Mark Rutte “X” sosial şəbəkə hesablarında ABŞ Prezidenti, Ukrayna Prezidenti və bir sıra Avropa liderləri ilə birgə telefon danışığı apardıqlarını açıqlayıblar.
Senzor.az bildirir ki, Fon der Lyayenin sözlərinə görə, tərəflər Alyaskada keçiriləcək ikitərəfli görüşü müzakirə edib və Ukrayna ilə bağlı Avropa, ABŞ və NATO-nun ümumi mövqeyinin gücləndirilməsini təsdiqləyiblər.
“Biz sıx koordinasiyanı davam etdirəcəyik. Heç kim sülhü bizdən daha çox istəmir - ədalətli və davamlı sülhü”, - o əlavə edib.
Mark Rutte isə qeyd edib ki, müttəfiqlər Ukraynaya qarşı müharibəni dayandırmaq və ədalətli və davamlı sülhə nail olmaq istəyində yekdildirlər. “Trampa liderliyinə və tərəfdaşlarla qarşılıqlı fəaliyyətinə görə minnətdarıq. Top indi Putindədir”, - o bildirib.
Fransa Prezidenti Emmanuel Makron Avropa liderləri və Trampla onlayn görüşdən sonra bildirib ki, “ABŞ Prezidentinin Rusiya Prezidenti ilə Alyaskada keçirəcəyi görüşdə əsas məqsədi atəşkəs istəməkdir”.
Fransa lideri Avropanın mövqeyini də xatırladıb və ərazi məsələlərinin yalnız Ukraynanın iştirakı ilə müzakirə edilməli olduğunu bildirib. Bununla belə, o vurğulayıb ki, “Trampla onlayn görüşdə ərazilərin mübadiləsi ilə bağlı heç bir müzakirə aparılmayıb”.
Yeni sanksiyaların tətbiqinin mümkünlüyündən danışanda isə Makron heç nəyin istisna edilmədiyini bildirib.