Gürcüstanın Mərkəzi Seçki Komissiyası avqustun 18-də bələdiyyə seçkilərini müşahidə edəcək ilk yerli təşkilatı qeydə alıb.
Modern.az xəbər verir ki, Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər oktyabrın 4-də keçiriləcək. Rəsmi seçki kampaniyası avqustun 5-dən başlayıb. Yerli müşahidəçi təşkilatların qeydiyyatı sentyabrın 28-dək davam edəcək.
Seçkilərdə qeydiyyatdan keçən ilk təşkilat İnkişaf Naminə Vətəndaş Alyansı olub.
Yerli idarəetmə orqanlarına seçkilər bütün şəhər və rayonların sakinlərinin öz yerli rəhbərliyini seçdiyi seçkidir.
Bütün rayon məşvərət orqanlarına (sakrebulo) proporsional seçkilər üçün hədd 4% təşkil edir. Mer seçkilərində qalib gəlmək üçün seçicilərin yarıdan çoxunun səsini almaq lazımdır.
Yerli idarəetmə orqanlarına seçkilər parlament seçkilərindən onunla fərqlənir ki, nəticələr hər bir rayonda ayrıca yekunlaşdırılır və rayondan rayona görə fərqlənə bilər.
Qarşıdan gələn seçkilər bəzi müxalifət partiyalarının onu boykot etməsi fonunda keçiriləcək. Bu günə qədər Azadlıq Meydanı, Xalq Naminə, Avropa Gürcüstanı, Vahid Milli Hərəkat, Strategiya Agmaşenebeli, Axali, Girchi – More Freedom, Droa və Federalistlər seçkilərdə iştirakdan imtina ediblər. İştirak etməkdən imtina edən partiyaların əksəriyyəti hələ parlament seçkilərinin nəticələrini tanımadıqları üçün qeyri-legitim adlandırdıqları “hakimiyyət oyunlarına” getməyəcəklərini bildirirlər.