“Taliban” hərəkatının üzvləri xarici qüvvələrin təxliyəsi əməliyyatlarının yekunlaşması fonunda şənbə günü Kabil aeroportunun ətrafına əlavə qüvvələr yerləşdirməyə başlayıblar.
Associated Press agentliyi xəbər verir ki, taliblər aeroport ətrafında yeni nəzarət-buraxılış məntəqələri qurublar. Bu postlarda silahlılar Əfqanıstan təhlükəsizlik qüvvələrindən ələ keçirdikləri Amerika hərbi yolsuzluq avtomobillərində növbə çəkirlər. Beləliklə, onlar bu yolla Kabil aeroportunun girişlərində böyük kütlənin və insanların toplaşmasına imkan verməməyə çalışırlar.
AzərTAc xatırladır ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı avqustun 31-dən sonra ölkədə xarici qoşunların qalmasına dözmək niyyətində olmadığı barədə xəbərdarlıq edib. Odur ki, Qərb ölkələri həmin tarixədək arzu edənlərin hamısını təxliyə etməyə tələsirlər.
Fransa, İtaliya, Niderland, Belçika, Danimarka, Polşa və Macarıstan Əfqanıstandan təxliyəni artıq başa çatdırıblar. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, avqustun ortalarından başlayaraq 100 mindən çox insan təhlükəsiz şəkildə təxliyə olunub.