Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Çinin Tiencin şəhərində görüş olub.
TASS xəbər verir ki, Rusiya Prezidenti Paşinyanla uzun müddət görüşmədiklərini bildirib.
Putin qeyd edib ki, bu müddət ərzində müzakirə üçün həm ikitərəfli, həm də regional xarakterli xeyli sual yaranıb.
“Ümid edirəm ki, bugünkü görüşümüz faydalı və məzmunlu olacaq”, - Rusiya Prezidenti vurğulayıb.
Paşinyan isə iki ölkə arasında mövcud olan tərəfdaşlıq və dialoqdan məmnunluğunu bildirib: "Bizim hər zaman çox dolğun gündəliyimiz var. Əminəm ki, bugünkü gündəm də çox dolğundur, bu, göz qabağındadır. Bizim aramızda yaranan tərəfdaşlıq və dialoqdan çox məmnunam. Şəxsi dialoqumuz və əlbəttə qardaş ölkələrimiz arasında çox fəal dialoqdur".
Senzor.az xatırladır ki, ŞƏT sammitində itirak edən qonaqların şərəfinə təşkil olunmuş qəbulun ardından baş tutan görüş Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun jurnalistlərə açıqladığı ilkin cədvəldə nəzərdə tutulmamışdı. Lakin Kremlin nümayəndəsi dərhal vurğulayıb ki, qrafik sərt deyil və ona istənilən anda müxtəlif formatlarda yeni bəndlər əlavə edilə bilər.
Y.Uşakov o məqama da toxunub ki, V.Putin Azərbaycan Prezidenti İlham Əliyevlə hələ danışmayıb, lakin Rusiya və Azərbaycan nümayəndə heyətlərinin üzvləri artıq əlaqə saxlayıblar.
Məsələyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da münasibət bildirib. O deyib ki, sabah Rusiya liderinin əlavə görüşləri ilə bağlı razılaşmalar var.
Mətbuat katibi Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətləşəcəyini də istisna etməyib və xatırladıb ki, qarşıdakı tədbirlərdə onların hər ikisinin iştirakı gözlənilir.
D.Peskov eyni zamanda prezidentlərin görüşəcəyinə ümid etdiyini bildirib.