"Fələstinlilər Qəzza zolağına nəzarəti ələ keçirən əcnəbini qəbul etməyəcəklər".
Teleqraf bildirir ki, bunu Fələstin Prezidentinin müşaviri Mahmud əl-Həbbaş “Al Hadath” telekanalına Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyerin Fələstin anklavı üçün beynəlxalq keçid idarəetmə orqanına rəhbərlik etməyə ümid etməsi ilə bağlı xəbərləri şərh edərkən deyib.
"Biz milyon il keçsə də, fələstinlidən başqa heç kimin idarəçiliyini qəbul edə bilmərik", - deyə əl-Həbbaş bildirib.
O vurğulayıb ki, fələstinlilər "Bleyerin namizədliyi ideyasının haradan gəldiyini" və ya bu məlumatın doğru olub-olmadığını bilmirlər.
Eyni zamanda Abbasın müşaviri təsdiqləyib ki, Fələstin Milli Administrasiyası “ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planına müsbət cavab verməyə” hazırdır. O, “münaqişəyə son qoymaq qərarı Trampın əlindədir” fikrini bildirib.
“Əgər o, belə qərar verərsə, Netanyahu bu qərarı yerinə yetirəcək və həyata keçirəcək”, - əl-Həbbaş hesab edir.
Senzor.az xatırladır ki, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin Qəzzaya keçid dövrünün idarəetmə orqanına rəhbərlik etmək istəməsi barədə məlumatı "The Economist" nəşri yayıb. Nəşrin yazdığına görə, Bleyr tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olan Toni Bleyer İnstitutu (TBI) belə bir hal üçün plan da hazırlayıb. Onun BMT mandatı altında zolaqda ən yüksək siyasi və hüquqi orqan kimi çıxış edəcəyinin gözlənildiyi bildirilir.
Məlumatda o da vurğulanıb ki, Qəzza zolağının 25 nəfərlik katiblik və 7 nəfərlik şura tərəfindən idarə olunacağı nəzərdə tutulub.