Ekvadorda yanacaq qiymətləri ilə bağlı etiraz aksiyasının iştirakçıları Prezident Daniel Noboanın kortejinə hücum ediblər.
CNN telekanalı xəbər verir ki, təxminən 350 nəfər dövlət başçısının kortejinə fişənglər, “Molotov kokteyli” və daş atıb. Avtomobilləri qoruyan 50-yə yaxın əsgər hücumu dəf etməyə çalışıb.
Ekvador Prezidentinin administrasiyası bildirib ki, avtomobil karvanında yüksəkvəzifəli şəxslər, o cümlədən bir neçə xarici diplomat da olub. Onlar Prezidentlə birlikdə humanitar yardım çatdırmaq üçün gedirlərmiş... İnsident zamanı xəsarət alan olmayıb.
Telekanalın məlumatına görə, ölkədə iğtişaşlar səkkizinci gündür davam edir. Etirazlar hökumətin dövlət xərclərini azaltmaq, neft qaçaqmalçılığı ilə mübarizə və sosial proqramlar üçün vəsait əldə etmək məqsədilə yanacaq subsidiyalarını dayandırdığını elan etməsindən sonra başlayıb.