
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Prezidenti səfərdən əvvəl Atatürk Hava Limanında jurnalistlərə müsahibə verib.
Səfər barədə açıqlamasında Prezident Ərdoğan ölkəsi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərdə yeni dövrün başlandığını bildirib. “BƏƏ səkkiz milyard dollara çatan ticarət dövriyyəmizdə əsas tərəfdaşlarımızdan biridir. Türkiyənin podratçı şirkətləri indiyədək BƏƏ-də 13 milyard dollar dəyərində 141 layihə həyata keçirib. BƏƏ də Türkiyədə dinamik investisiya sahəsinə mühüm töhfələr verir. Ölkələrimizin iqtisadiyyatının potensialı indiki rəqəmlərdən çox yüksəkdir. Səfərin məqsədi bu potensialı tez bir zamanda reallaşdırmaqdır”, - deyə Prezident Ərdoğan qeyd edib.

Səfər çərçivəsində Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında investisiya, ticarət, müdafiə, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sahələrini əhatə edən 12 sazişin imzalanması gözlənilir.
Təkbətək və nümayəndə heyətləri arasında görüşlərin keçiriləcəyi səfər çərçivəsində ikitərəfli əlaqələrlə yanaşı, sülh və sabitliyin bərqərar olması, qorunub saxlanması anlayışı əsasında regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.