
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh mükafatının Venesueladan olan siyasətçi və ictimai xadim Mariya Korina Maçadoya verilməsinə münasibət bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ Prezidenti deyib ki, Mariya Maçado artıq ona zəng edib və mükafatı onun şərəfinə qəbul etdiyini bildirib.
"O mənə zəng edib dedi ki, "bunu sizin şərəfinizə qəbul edirəm, çünki siz, həqiqətən də, buna layiqsiniz". Bu, çox gözəl davranışdır. Mən xoşbəxtəm, çünki milyonlarla insanın həyatını xilas etmişəm", - deyə Tramp vurğulayıb.
O, həmçinin əlavə edib ki, əgər xahiş etsə idi, Maçado mükafatı ona verməyə hazır idi.
"Mən ona demədim ki, mükafatı mənə ver. Düşünürəm ki, o bunu mənə verə də bilərdi, o, çox mehriban idi. Mən ona hər zaman kömək etmişəm, onların orada - Venesuelada köməyə çox ehtiyacları var", - deyə Donald Tramp xatırladıb.
Qeyd edək ki, Mariya Korina Maçado öz "X" hesabında etdiyi paylaşımda bildirib ki, onun azadlıq və demokratiya uğrunda mübarizəsi Tramp və digər əsas müttəfiqlərindən asılıdır.
"Mən bu mükafatı Venesuelanın əziyyət çəkən xalqına və bizim işimizə verdiyi qətiyyətli dəstəyə görə Prezident Trampa həsr edirəm!" - deyə paylaşımda o yazıb.
Xatırladaq ki, Nobel Sülh mükafatı Venesueladan olan siyasətçi və ictimai xadim Mariya Korina Maçadoya təqdim edilib.
Onu da qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə, D.Trampın ona zəng etdiyi bildirilirdi.
**10:00

Dünən Nobel sülh mükafatına layiq görülən Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ Prezidenti Donald Trampın siyasi dəstəyini qazanmağa cəhd edib və mükafatını ona həsr edib.
Senzor.az bildirir ki, bu barədə RBC-Ukrayna Maçadonun və CBS News-un jurnalisti Veyju Jianqın “X” sosial şəbəkəsindəki paylaşımlarına istinadən məlumat yayıb.
“Bu gün, heç vaxt olmadığı qədər, azadlıq və demokratiyaya nail olmaq üçün əsas müttəfiqlərimiz kimi Prezident Trampa, Amerika Birləşmiş Ştatlarının xalqına, Latın Amerikası xalqlarına və dünyanın demokratik millətlərinə ümid bəsləyirik”, - deyə Mariya Korina Maçado bildirib.
Bundan bir neçə saat sonra Ağ Evin adı açıqlanmayan yüksək rütbəli məmuru Jianq-a zəng edərək Trampın Maçado ilə telefonla danışdığını bildirib.
Rəsminin sözlərinə görə, Amerika lideri laureatı mükafatı münasibətilə təbrik edib və onun Nobel mükafatına layiq olduğunu vurğulayıb.
Qeyd edək ki, cümə günü Oslodakı Nobel Komitəsi 2025-ci il sülh mükafatının Venesuela xalqının demokratik hüquqlarının irəliyə aparılması uğrunda yorulmaz fəaliyyətinə görə Maçadoya təqdim olunduğunu açıqlayıb.