2025-ci ilin Nobel Sülh mükafatı laureatı və Venesuela müxalifətinin lideri Mariya Korina Maçado İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Mariya Maçado bununla bağlı “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Bu gün mən İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışdım və ona Venesuela xalqına 2025-ci il Nobel Sülh mükafatına layiq görülməsi münasibətilə səmimi təbriklərinə görə təşəkkür etdim”, - Venesuela müxalifətinin lideri yazıb.
Xanım Maçadonun sözlərinə görə, sülhü dərindən qiymətləndirən venesuelalılar bilir ki, sülhə nail olmaq onların qarşısında duran totalitar qüvvələrlə mübarizə aparmaq üçün böyük cəsarət, güc və mənəvi saflıq tələb edir.
“Təəccüblü deyil ki, “HƏMAS”, “Hizbullah” və husilər kimi terror təşkilatları dəstəkləyən İran rejimi Venesuelada Maduro hakimiyyətinin əsas tərəfdaşıdır”, - Nobel Sülh mükafatçısı bildirib.
Mariya Maçadonun fikrincə, bu, “azadlıq və avtoritarizm arasındakı mübarizənin qlobal xarakterini” vurğulayır. Venesuelalılar azadlıq və demokratiya uğrunda mübarizə apardığı kimi, Yaxın Şərqin bütün xalqları da qorxuya deyil, ləyaqət, ədalət və ümidə əsaslanan gələcəyə layiqdir.
“Biz ümid edirik ki, Prezident Trampın uzaqgörən planının tam şəkildə həyata keçirilməsi regionda ədalətli və davamlı sülhün əldə olunmasına töhfə verəcək. Son nəticədə sülh azadlıq, azadlıq isə cəsarət və güc tələb edir”, - Venesuela müxalifətinin lideri yazıb.
Mariya Maçado ilə Benyamin Netanyahu arasında telefon danışığının olduğunu İsrail Baş nazirinin dəftərxanası da təsdiqləyib.