
Günəşdə iki həftəlik fasilədən sonra güclü partlayışlar yenidən başlayıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası "Telegram" kanalında məlumat verib.
Məlumata görə, Moskva vaxtı ilə saat 04 radələrində (Bakı vaxtı ilə saat 05:00-də - red.) ulduzun şərq kənarında M1.0 gücündə partlayış baş verib
Bu hadisə 3-9 noyabr həftəsində pik həddə çatacaq uzunmüddətli günəş aktivliyinin artmasının xəbərçisidir. Ulduzun sol kənarında Yerə doğru iki güclü aktivlik mərkəzinin meydana çıxdığı müşahidə olunur.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların da buludları Yerə çataraq maqnit qasırğaları yarada bilir.