
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıblar.
Senzor.az bildirir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı ikitərəfli əməkdaşlığın cari mövzuları müzakirə edilib, ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi və enerji sahəsində strateji əhəmiyyətli layihələrinin həyata keçirilməsi vurğulanıb.
Rusiya və Türkiyə prezidentləri Ukrayna ətrafındakı vəziyyət, o cümlədən ABŞ-ın sülh nizamlanması təklifləri kontekstində fikir mübadiləsi aparıblar.
"Vladimir Putin qeyd edib ki, bu təkliflər, nəzərdən keçirdiyimiz variantda, Alyaskada keçirilən Rusiya-ABŞ sammitindəki müzakirələrlə uyğun gedir və prinsip etibarilə, yekun sülh nizamlanması üçün əsas təşkil edə bilər", - deyə məlumatda bildirilib.
Həmçinin Rusiya tərəfinin Ukrayna böhranının siyasi-diplomatik həllində maraqlı olması bir daha təsdiqlənib.
Rəcəb Tayyib Ərdoğan danışıqlar prosesinə hər cür kömək göstərmək niyyətini və bu məqsədlər üçün İstanbul platformasını təmin etməyə davam etməklə bağlı hazırlığını ifadə edib. Ukrayna dosyesi üzrə müxtəlif səviyyələrdə Rusiya-Türkiyə təmaslarının aktivləşdirilməsi barədə razılıq əldə olunub.
Türkiyə prezidenti, həmçinin Yohannesburqda keçirilən G20 sammitinə səfəri və bir neçə üzv dövlətin başçıları ilə görüşləri ilə bağlı təəssüratlarını bölüşüb.
Prezidentlər müntəzəm əlaqə saxlamaq barədə razılığa gəliblər.